
Bakı. Trend:
Orta Dəhliz kimi yeni nəqliyyat marşrutları Mərkəzi Asiyanın
böyük potensialını üzə çıxara bilər, lakin bu, yalnız ixtisaslaşmış
işçi qüvvənin olacağı təqdirdə mümkündür.
Trend-in verdiyi
xəbərə görə, bunu Avropa İttifaqının Qazaxıstandakı
nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Yoxannes Baur 30–31
oktyabr tarixlərində Turin şəhərində keçirilən DARYA (Mərkəzi Asiya
gəncləri üçün Dialoq və Fəaliyyət) proqramının yüksək səviyyəli
görüşündə deyib.
“Tarixi baxımdan Mərkəzi Asiya hər zaman Avropa ilə Asiya
arasında körpü rolunu oynayıb və bu gün Aİ ilə region arasında
münasibətlər fəal şəkildə möhkəmlənir”, – deyə o bildirib.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın
təhsil və əmək nazirliklərinin müavinləri, Aİ nümayəndələri, sosial
tərəfdaşlar və özəl sektorun təmsilçiləri iştirak ediblər.
İştirakçılar əldə olunan irəliləyişləri müzakirə edib və
əməkdaşlığın növbəti mərhələsi üçün prioritet istiqamətləri
müəyyənləşdiriblər.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

