
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyinin yerli filialları tərəfindən 35 şəhid
ailəsi evdə (səyyar) sosial-məişət xidməti ilə təmin olunur.
Trend
xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat
yayıb.
Bildirilib ki, həmin ailələr Sumqayıt, Xaçmaz, Quba, Şamaxı,
Ağsu, Hacıqabul, Cəlilabad, Astara, Zərdab və digər şəhər və
rayonlarda yaşayırlar.
Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigarlarının
evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının
alınması və s. işlərdə köməklik göstərirlər.
Agentlik tərəfindən bu ilin ötən dövründə ümumiilikdə 3774 nəfər
tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti
göstərilib.
Bu xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri
ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və
rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial
xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi
olan şəxslərə göstərilir.

