
Bakı. Trend:
Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə dəfələrlə rüşvət
almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinsən məlumat
verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında
Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı
Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi Zahid Abuyevin
qanunsuz əməllərinə dair çoxsaylı vətəndaş şikayəti əsasında Qusar
rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq
aparılır.
Həyata keçirilmiş çoxsaylı istintaq hərəkətləri nəticəsində
Zahid Abuyevin 2016-cı ildən 2025-ci ilin aprel ayınadək Hil
meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işlədiyi müddətdə öz
qulluq səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə
səlahiyyətlərini aşmaqla Qusar rayonunun Kirig, Cibir və Ləcət
kəndlərinin 40-a yaxın sakininin qanun pozuntuları barədə
meşəbəyliyə və ya aidiyyəti qurumlara məlumat verməməsi müqabilində
hədə-qorxu yolu ilə onlardan dəfələrlə müxtəlif məbləğlərdə pul
vəsaitləri və digər maddi nemətlər almasına dair əsaslı şübhələr
müəyyən edilib.
Toplanmış sübutlar əsasında Zahid Abuyev Cinayət Məcəlləsinin
308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə
səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə
təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində
cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
Qusar rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilib.
İbtidai istintaq davam etdirilir.

