Sabiq baş mühasibin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib

Baş səhifə

Bakı.Trend:

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini
mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə
Zeynalovanın cinayət işi üzrə sonuncu məhkəmə prosesi
keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib.




Ona qarşı irəli sürülən 308.2-ci maddə ittihamdan xaric edilib,
həmçinin 313-cü maddə üzrə cəlbetmə müddəti bitdiyi üçün cəza təyin
edilməyib.

Qeyd edək ki, ittihama görə, Samirə Zeynalova “Rifah Group”
MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından
başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz
istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus
802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək
mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən
sui-istifadə edib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü
(Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla
törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə
etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə
saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən
şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup
əlildir.