Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır – Cəlil Xəlilov

Baş səhifə

Bakı. Trend:

Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq
ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır.

Bunu Trend
açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, səfər sayəsində xarici diplomatlar
işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı ətraflı
məlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə müşahidə
ediblər:

“2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş
səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl
və Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrinin
işğaldan azad edilən ərazilərə sayca 20-ci səfərdir və bu səfər hər
mənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə
51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq
nümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağın
böyüklüyünə dəlalət edir.




Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə,
işğaldan azad edilən ərazilərdə dövlətimizin qısa zaman ərzində
həyata keçirdiyi bir-birindən əzəmətli layihələrə tanış olublar.
Səfər əsnasında əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə,
sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafa
verəcəyi töhfəyə yönəlib.

Bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldan
azad edilən ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuq
əzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından
mühüm önəm kəsb edirdi. Səfərdə iştirak edən diplomatlar,
beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışı
üçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyata
keçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Bu
səfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi,
Azərbaycan xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyası
bütün regionun maraqlarına cavab verir.

Artıq bütün dünya əmindir ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti və
ardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamanda
fəaliyyətə başlayacaq, bu fəaliyyət onlarla ölkənin sosial-iqtisadi
rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”.