
Bakı. Trend:
Bu il növbəti dəfə təşkili planlaşdırılan “Media Savadlılığı”
Həftəsinə hazırlıq çərçivəsində ümumtəhsildə media savadlılığının
əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və
Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT
seminarı keçilib.
Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumat
verilib.
Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Media
dəstək layihələri, strateji planlaşdırma və informasiya
texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova
bildirib ki, media savadlılığının artırılması, dezinformasiyaya
qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin
effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi
məqsədilə 2022-ci ildən etibarən Agentlik tərəfindən davamlı və
koordinasiyalı tədbirlər həyata keçirilir.
“Təhsildə media savadlılığı: beynəlxalq təcrübə və yerli tətbiq
perspektivləri” mövzusunda çıxış edən Elm və Təhsil Nazirliyinin
Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman
Qəhrəmanlı və Azərbaycan Respublikası Təhsil İnstitutunun Dil
fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva qeyd
edib ki, müasir dövrdə informasiya bolluğunun mövcudluğu bu
məlumatları istehlak edən şəxslər üçün bir sıra ciddi risklər
yaradır. Yeniyetmələrin, məktəblilərin həssas auditoriya olduğu
nəzərə alınaraq, onların doğru və yalan informasiyanı ayırd etmə
bacarıqlarının inkişaf etdirilməsi, eləcə də məsuliyyətli və
səriştəli media istehlakçısı və iştirakçısına çevrilməsi məqsədilə
media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.
Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya
nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru,
dosent Xatirə Hüseynova “Saxta məlumatların müəyyənləşdirilməsi
üsulları, etibarlı mənbəni necə tapmalı?” mövzusunda çıxış edərək
informasiya mühitində manipulyativ məzmunların aşkarlanması,
mənbələrin etibarlılığının yoxlanılması və xəbərin dəqiqliyinin
qiymətləndirilməsi ilə bağlı müzakirə aparıb.
Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya
nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva “Media
savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar” mövzusunda
təqdimatla çıxış edərək pedaqoji yanaşmaların
modernləşdirilməsinin, şagirdlərin analitik düşünmə və məlumatları
düzgün qiymətləndirmə bacarıqlarının inkişafına yönəlmiş dərs
modellərinin tətbiqinin vacibliyini vurğulayıb.
“Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı”
mövzusunda təşkil olunan sessiyada isə “Report” İnformasiya
Agentliyinin direktoru Fuad Hüseynəliyev tərəfindən “rəqəmsal iz”
anlayışının mahiyyəti, onun media savadlılığının əsas
komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edilib. Diqqətə
çatdırılıb ki, bu gün media ekosistemində hər bir istifadəçi təkcə
məlumat istehlakçısı deyil, eyni zamanda məlumat istehsalçısı kimi
çıxış edir və bu özlüyündə rəqəmsal məsuliyyət anlayışını daha da
ön plana çıxarır.
ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş
beynəlxalq kommunikasiya mütəxəssisi, 10 ildən artıq akademik və
peşəkar təcrübəyə malik, hazırda ABŞ-nin Valparaiso Universitetində
magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən
Tiffany J. Bell “Yanlış narrativlərin aşkarlanması və mediada
mesajları anlama” mövzusunda çıxış edib. O, dezinformasiya və
manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün
informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin
formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə
danışıb.
Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti
Nərmin Osmanlı isə sosial medianın yeniyetmə və gənclərə psixoloji
təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki
psixoloji metodlar barədə danışıb. O, rəqəmsal mühitdə düzgün
davranış modelinin formalaşmasında psixoloji faktorların nəzərə
alınmasının, informasiyanın təsirlərinə qarşı dayanıqlılığın
artırılmasının və tədris prosesinə psixoloji yanaşmaların
inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

