
Bakı. Trend:
Çinin Pekin Xarici Dillər Universitetinin (PXDU) nümayəndə
heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-in rektoru, professor Ədalət Muradov ilə keçirilən görüşdə
hır iki universitet arasında əməkdaşlıq istiqamətləri müzakirə
edilib.
Rektor Ədalət Muradov UNEC-də ingilis dilinin tədrisində tətbiq
edilən beynəlxalq yanaşmadan bəhs edərək bildirib ki, əsas məqsəd
UNEC məzunlarının ingilis dilinə minimum orta səviyyədə
yiyələnməsidir. O, həmçinin xarici dilin tədrisində PXDU-nun
təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Rektor vurğulayıb ki, UNEC-də tədris və idarəetmə tamamilə
rəqəmsallaşdırılıb və yaxın zamanda bu prosesə süni intellekt
texnologiyalarının inteqrasiyası nəzərdə tutulub. Həmçinin qeyd
edib ki, UNEC-də Süni İntellekt laboratoriyasının yaradılması da bu
istiqamətdə atılan mühüm addımlardan biri olacaq.
Prof. Ədalət Muradov 2019-cu ildən UNEC-də Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Konfutsi
İnstitutu tərəfindən 500 nəfərdən çox gəncin iştirak etdiyi onlayn
Çin dili kurslarının təşkil olunduğunu, ölkədə Çin dilinə marağın
artdığını qeyd edib.
Rektor həmçinin Çinə səfəri zamanı bir çox universitet və
qurumlarla əldə olunan razılaşmalar, eləcə də bu istiqamətdə
görülən işlər barədə məlumat verib.
PXDU-nun vitse-prezidenti Zhao Gang UNEC-in beynəlxalq
reytinqlərdəki uğurlu mövqeyini və tədrisin rəqəmsallaşdırılması
sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O, Pekin
Xarici Dillər Universitetində Azərbaycan dili də daxil olmaqla 101
xarici dilin tədris olunduğunu və xarici dillərin öyrənilməsini
dəstəkləyən “MOG” adlı innovativ platformanın fəaliyyət
göstərdiyini bildirib.
Görüş zamanı tərəflər tələbə və müəllim mübadiləsi, “xarici dil
+ iqtisadiyyat” istiqamətində ikili diplom proqramının
reallaşdırılması, UNEC müəllimləri üçün ingilis dili üzrə
təlimlərin təşkili, PXDU-nin xarici dilin öyrənilməsi təcrübəsinin
tətbiqi, UNEC-də Xarici Dillərin Öyrənilməsi Mərkəzinin
yaradılması, eləcə də birgə elmi konfransların və tərcümə
layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər.

