
Bakı. Trend:
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı,
Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” İncəsənət
Festivalı çərçivəsində Kichik QalArt Qalereyasında “Axın halı” adlı
sərgi açılıb.
Sərgi Bakı şəhərinin fəvvarələrindən və onların insan
həyatındakı rolundan ilhamlanaraq yaradılıb. Fəvvarələr paytaxtın
yaddaşında ictimai və şəxsi hekayələrin qovuşduğu məkanlar kimi
təqdim olunur – burada insanlar görüşür, istirahət edir,
xatirələrini bölüşür, həyatlarının müxtəlif anlarını
yaşayırlar.
Su bu layihədə Bakının dəyişkən və canlı təbiətinin simvolu kimi
təqdim olunur – o, şəhərin hərəkətini, inkişafını və kollektiv
yaddaşını ifadə edir.
Sərgidə yeddi rəssam – Fidan Əbilova, Elnur Musayev, Günel
Cəfərova, Leyla İsayeva, Nigar Səfərova, Hüseyn Cəlil və Aydın
Bağırov – şəhər mərkəzindəki fəvvarələrdən ilhamlanaraq ictimai
sənət əsərləri təqdim ediblər. Hər bir əsər həmin məkanların şəxsi
və ictimai hekayələrini əks etdirir və Bakının gələcəyi üçün yeni
baxış bucaqları yaradır.
Layihənin kuratorları Lesli Qrey, Sitarə İbrahimbəyli və
Məhinbanu Səfixanlıdır.
“Axın halı” sərgisi 30 noyabr tarixinə qədər ziyarətçilər üçün
açıq olacaq.
Qeyd edək ki, “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ
Duy” İncəsənət Festivalı oktyabrın 31-dən noyabrın 2-dək Bakıda
keçiriləcək. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi
tərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə
reallaşdırılır. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılığın, dialoqun və
kəşflərin canlı məkanına çevirəcək. Xüsusi diqqət okean və
dənizlərin ekoloji vəziyyətinə yönəldiləcək və bu mövzu incəsənətin
dili ilə təqdim olunacaq. Festivalın əsas mövzusu – həyat,
yenilənmə və dayanıqlı inkişafın rəmzi olan sudur. Su dayanıqlılıq,
yenilənmə və kollektiv yaddaşın simvolu kimi seçilərək Azərbaycan
ilə beynəlxalq bədii ictimaiyyət arasında mənalı dialoqa zəmin
yaradacaq.

