
Bakı. Trend:
Daş Salnamə Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu:
Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırlanan
“Suyun sirri” pantomim tamaşası təqdim olunub.
Trend xəbər verir
ki, tədbirdə iştirak edən “Art Weekend” layihəsinin təşəbbüskarı,
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva
səhnə əsərini izləyiblər.
Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi
seçilən su üzərində qurulub. Xalq artisti, pantomim aktyoru Pərviz
Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi
bağlılığı təsvir edir.
Pərviz Məmmədrzayevlə yanaşı, layihəyə 7 aktyor cəlb edilib.
Tamaşada səssiz, lakin dərin ifadələrlə insanların çox çətinliklə
həyatın mənbəyi hesab olunan suyu axtarmaları səhnələşdirilib.
Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir
şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri
bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət
paytaxtı kimi təqdim etməkdir.

