
Bakı. Trend:
Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi
nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə
Nazirliyində görüş keçirilib.
Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə, həmçinin Ukraynanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev və Azərbaycan-Ukrayna
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala
Məhərrəmzadə də iştirak ediblər.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz
arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam
etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra
Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin
formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu
qeyd edib.
Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük
diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin
modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf
etdirilməsi, səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan
üçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
Viktor Lyaşkonun rəhbərliyi etdiyi geniştərkibli nümayəndə
heyətinin ölkəmizə səfərinin mahiyyətini vurğulayan Teymur Musayev
deyib: “Səfər Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində
strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, farmasevtika,
onkologiya, pediatriya, kardiologiya və tibbi təhsil sahələrində
birbaşa praktiki əməkdaşlığın inkişafına güclü təkan verəcək. Eyni
zamanda, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığın
genişləndirilməsinə yeni imkanlar yaradacaq”.
Öz növbəsində Ukraynanın səhiyyə naziri ölkəsinə göstərdiyi
humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü
bildirib. Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu
vurğulayan Viktor Lyaşko ölkələrimizin tarixi və ənənəvi dostluq
münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb: “Heydər Əliyev
Fondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə nazirliyin
Sanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrum
olan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursunun
təşkili bunun əyani təsdiqidir”.
Daha sonra iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və
tibb elmi sahəsində yenilənmiş Əməkdaşlıq haqqında Saziş
imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ukraynanın
səhiyyə naziri Viktor Lyaşko imzalayıblar.
Əməkdaşlıq haqqında Sazişin mahiyyətini vurğulayan Teymur
Musayev və Viktor Lyaşko qeyd ediblər ki, sənədin əsas məqsədi hər
iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional
çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına
töhfə verilməsi, habelə əməkdaşlıq proqramlarının həyata
keçirilməsidir. Eyni zamanda, sənəd xalq təbabətinin, farmasevtika
sənayesinin, həmçinin tibbi təhsilin inkişafı sahələrində strateji
tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi çərçivə
yaradır.
Səfər çərçivəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə
Ukrayna Milli Xərçəng İnstitutu, Azərbaycanın K.Y. Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ukraynanın “Oxmatdıt” Uşaq
Xəstəxanası, eləcə də kardioloji mərkəzlər arasında Əməkdaşlıq
Memorandumları imzalanıb.
Həmçinin, Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb
Universiteti arasında tələbə və mütəxəssis mübadiləsi, birgə elmi
tədqiqatların həyata keçirilməsi də daxil olmaqla yeni Əməkdaşlıq
Memorandumu imzlanıb.
İmzalanan sənədlər iki ölkə arasında səhiyyə sahəsində
uzunmüddətli və səmərəli strateji tərəfdaşlığın
möhkəmləndirilməsinə xidmət edir.

