
Bakı. Trend:
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı,
Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən
“Bakıya uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ duy” (“Fly to
Baku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalının
tanınmış qonaqları tədbirin təşkilindən və təqdim olunan
proqramlardan böyük heyranlıq duyduqlarını bildiriblər.
Trend xəbər verir
ki, dünyaca məşhur italyan rəssam və heykəltəraş Cüzeppe Karta qeyd
edib ki, festivalın zəngin proqramı müasir insan üçün həm çox
maarifləndirici, həm də aktualdır.
“Ələlxüsus önəmli məqam odur ki, tamaşaçılar kolumbiyalı məşhur
rəssam və heykəltəraş Fernando Boteronun əsərləri ilə tanış ola
bilirlər – burada 100-dən çox unikal incəsənət nümunəsi nümayiş
olunur. Festival ən yüksək səviyyədə təşkil edilib və onun
çərçivəsində iki gün ərzində Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında mənim ustad dərslərim keçirilir”, – deyə rəssam
vurğulayıb.
Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində Cüzeppe Kartanın
“Təbiətin hədiyyələri” (“Gifts of Nature”) adlı fərdi sərgisi
keçirilir. Sərgidə meyvə və tərəvəzlərin iri heykəlləri nümayiş
olunur. Bu əsərlərin bəziləri müəllif tərəfindən məhz Heydər Əliyev
Mərkəzindəki sərgi üçün xüsusi olaraq hazırlanıb və ilk dəfə olaraq
Bakı ictimaiyyətinə təqdim edilir.
Almaniyanın Volfsburq İncəsənət Muzeyinin icraçı direktoru Otmar
Böhmer bildirib ki, festival çərçivəsində müxtəlif ölkələrdən, o
cümlədən Azərbaycandan olan rəssamların çoxsaylı maraqlı və
orijinal əsərlərini görüb.
“Onların hər biri ayrı-ayrılıqda özünəməxsus şəkildə milli
ənənələri, müəllifin daxili dünyasını və müasir incəsənət baxışını
əks etdirir. Azərbaycanlı sənətkarlarla tanış olmaq mənim üçün
xüsusilə xoş oldu – onların əsərləri dərinlik, forma və rəng
duyumu, eləcə də fəlsəfi baxışla zəngindir. Biz həmkarlarla
birlikdə Bakı və Azərbaycan incəsənətinə, mədəniyyətlərarası
dialoqa və yeni bədii axınlara böyük maraq göstəririk. Mən ilk dəfə
buradayam, amma bu səfər məndə çox isti təəssürat yaratdı.
Ümidvaram bu canlı və ilhamverici incəsənət dünyasına yenidən
qayıtmaq fürsətim olacaq”, – deyə o bildirib.
ABŞ-dən olan yazıçı Manuel Xesus de Atoça İris Errera da ilk
dəfə Bakıya gəlib və öz dərin təəssüratını bölüşüb:
“Mən ingilis və ispan dillərində yazıram və artıq burada çoxlu
gözəllik, mədəniyyət və ilham gördüm. Bu şəhərin necə canlı
olduğunu, ölkənin necə incəsənətlə nəfəs aldığını hiss etmək
mümkündür. Festival həm möhtəşəm, həm də genişmiqyaslıdır! Burada
yaradıcı atmosfer doğrudan da heyrətamizdir və bu hadisənin bir
parçası olmaq fürsətinə görə minnətdaram. Ümid edirəm ki, burada
digər sənətkarlarla və ümumilikdə tamaşaçılarla yaradıcı birliyə
nail olacağam”, – deyə yazıçı vurğulayıb.
Qeyd edək ki, 31 oktyabr – 2 noyabr tarixlərində Bakıda
incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm “Bakıya
uçuş. İncəsənət Həftəsi: Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art
Weekend. Sense the Future NOW”) İncəsənət Festivalı keçirilir.
Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən,
Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub.
Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla
Əliyevadır.

