
Bakı.Trend:
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) həyata keçirdiyi
sosial mənzil layihələri çərçivəsində bir neçə yaşayış kompleksində
mənzillərin güzəştlə satışı həyata keçiriləcək. Belə ki, Hövsan
Yaşayış Kompleksinin birinci və ikinci mərhələləri, Sumqayıt
Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış
Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksi
üzrə mənzillər güzəştli şərtlərlə satışa çıxarılacaq. Mənzillərin
seçimi “Elektron hökumət” portalı üzərindən fəaliyyət göstərən
“Güzəştli Mənzil” sistemi vasitəsilə aparılacaq. Belə ki, satış
prosesi 9 dekabr 2025-ci il saat 11:00-da başlayacaq və 12 dekabr
2025-ci il saat 11:00-da başa çatacaq. Bu müddət ərzində güzəştli
mənzil əldə etmək hüququ olan vətəndaşlar sistemə daxil olaraq
mənzil seçimi edə biləcəklər. Layihələr çərçivəsində inşa edilən
yaşayış kompleksləri müasir standartlara cavab verir, sosial
infrastruktur obyektləri, istirahət zonaları və abadlıq işləri ilə
təmin olunur. Beləliklə bu təşəbbüs vətəndaşların mənzil şəraitinin
yaxşılaşdırılmasına və sosial rifahın artırılmasına yönəlib.
Bəs, bu mənzillərin satışa çıxarılması əmlak
bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı
deyib ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa
çıxarılan mənzillərin daşınmaz əmlak bazarına, xüsusilə də mənzil
bazarına ciddi təsiri mümkün deyil.
O qeyd edib ki, bu mənzillərin sayı ümumi mənzil bazarı ilə
müqayisədə olduqca azdır və ümumi dövriyyənin hətta bir faizini
belə təşkil etmir.
“Buna görə də, onların qiymətlərə və bazar göstəricilərinə
əhəmiyyətli təsir göstərməsi real deyil. Bu mənzillərin ən azı üç
ildən əvvəl bazar dövriyyəsinə qayıtması mümkün deyil, çünki
alıcılar həmin mənzilləri ilkin mərhələdə kreditlə əldə edirlər və
kredit öhdəlikləri tam başa çatmadan satış həyata keçirilə bilməz.
Yalnız müqavilə şərtləri tam yerinə yetirildikdən sonra bu
mənzillər yenidən bazara çıxarıla bilər”, – elspert əlavə edib.
Onun sözlərinə görə, hətta bu mənzillər üç ildən sonra bazara
qaytarılsa belə, artıq onlar əvvəlki kimi dövlət güzəştləri ilə
deyil, mülkiyyətçilər tərəfindən mövcud bazar şərtlərinə uyğun
qiymətlərlə satışa çıxarılacaq.
“Bu səbəbdən hesab edirəm ki, həmin mənzillərin ümumi mənzil
bazarına qiymət baxımından hər hansı təsiri gözlənilmir”, – deyə
ekspert vurğulayıb.
Əmlak eksperti Elnur Azadov isə Trend-ə açıqlamasında bildirib ki, Bakı
şəhərinin ümumi daşınmaz əmlak fondu baxımından bu cür satışların
baş verməsi və əlavə əmlakın bazara daxil olması əmlak bazarına
əhəmiyyətli təsir göstərmir.
“Bu satışlar ümumi bazar dövriyyəsi ilə müqayisədə çox kiçik
həcmə malikdir. Üstəlik, böyük tələbat olduğuna görə bu mənzillər
bazarda uzun müddət qalmır və qısa zaman ərzində satılır. Bu
vəziyyət əsasən Bakı, Abşeron və Gəncə şəhərlərinə aiddir”, – deyə
ekspert bildirib.

