
Bakı. Trend:
Almaniyadakı Azərbaycan icmasının üzvləri ilə Şimali-Reyn
Vestfaliya əyalətinin Miqrasiya və İnteqrasiya Məsələləri üzrə
Dövlət Fondunun elm xadimləri arasında dəyirmi masa təşkil
olunub.
Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə “Almaniyanın azərbaycanlı məzunlarının
iki ölkə arasında iqtisadi və mədəni münasibətlərin inkişafına
töhfələri” mövzusunda müzakirələr aparılıb.
Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş
tutan dəyirmi masada diaspor nümayəndələrinin, Almaniyada təhsil
alan azərbaycanlıların ölkələrarası iqtisadi və mədəni əməkdaşlığın
inkişafındakı rolu diqqətə çatdırılıb. Bildirilib ki, Almaniyada
yaşayan, həmçinin bu ölkənin müxtəlif ali təhsil müəssisələrini
bitirən soydaşlarımız elmi tədqiqatlar, innovativ layihələr, eləcə
də mədəni proqramlar vasitəsilə iki ölkə arasında bilik və təcrübə
mübadiləsini zənginləşdirir, qarşılıqlı münasibətlərin inkişafına
əhəmiyyətli töhfə verirlər.
Dəyirmi masada Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin əməkdaşları da iştirak edib. Komitənin həyata
keçirdiyi çoxşaxəli layihələr, o cümlədən Azərbaycan Evləri,
Koordinasiya Şuraları, həftəsonu məktəbləri, ixtisaslaşmış forumlar
və digər əsas fəaliyyət istiqamətləri barədə geniş təqdimat
olub.
Görüş fikir mübadiləsinin aparılması, gələcək əməkdaşlıq
imkanlarına dair təkliflərin səsləndirilməsi və almaniyalı elm
xadimlərinə hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

