
Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar
Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası
keçirilib.
Trend
Hesablama Palatasına istinadən xəbər verir ki, iclasda ilk olaraq
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə
Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi (bundan sonra –
Rəy) müzakirə olunub.
Bildirilib ki, Rəy 2026-cı il üçün dövlət büdcəsinə dair Qanun
layihəsinin və layihə ilə birlikdə təqdim olunan aidiyyəti
sənədlərin qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş
dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz
göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin
əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə
uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini
ifadə edir.
Müzakirələr zamanı Rəydə əksini tapan əsas məqamlar, aparılmış
təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr ətrafında fikir
mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq Rəyin təsdiq
edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması
qərara alınıb.
Daha sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2026-cı il
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsinə və
“İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”
Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası
Hesablama Palatasının Rəyləri müzakirə olunub.
Kollegiya üzvləri Rəylərdə əhatə olunan əsas məsələləri,
aparılmış təhlillərin nəticələrini və irəli sürülən tövsiyələri
nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində Rəylərin
təsdiqlənərək Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi
barədə qərar qəbul edilib.

