İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyanın 8-ci iclası Azərbaycanda keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan
Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər
verir.

Məlumata görə, iclasdan əvvəl hökumətlərarası komissiyanın
Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun
Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın
Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Jeço Stankovun
rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın
istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya
transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı
investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı
Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qida
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə,
səhiyyə, mədəniyyət, turizm sahələrində əməkdaşlıq və digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan
Hökumətlərarası Komissiyanın 7-ci iclası öz işinə başlayıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası
Komissiyanın həmsədri, energetika naziri Jeço Stankov qeyd edib ki,
Bolqarıstan tərəfi qarşılıqlı maraq doğuran bütün sahələrdə –
ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kənd
təsərrüfatı, müdafiə, turizm, mədəniyyət və digər sahələrdə
Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanı Bolqarıstanın
strateji iqtisadi tərəfdaşı adlandıran Jeço Stankov enerji
sahəsində əlaqələrin ikitərəfli münasibətlərdə əsas rol oynadığını
vurğulayıb. O əlavə edib ki, Bolqarıstan enerji mənbələrinin və
marşrutlarının şaxələndirilməsini prioritet istiqamət kimi müəyyən
edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə mühüm önəm
verir.




İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası
Komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 30
ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla
inkişaf etdiyini, Azərbaycanın Bolqarıstanla qurulmuş çoxşaxəli
əməkdaşlığa əsaslanan münasibətlərin genişləndirilməsinə böyük
əhəmiyyət verdiyini və bütün sahələrdə əlaqələrin inkişafı üçün
böyük potensialın olduğunu qeyd edib. Həmsədr iki ölkənin iqtisadi
potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da
şaxələndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının
vacibliyinə diqqət çəkib və bildirib ki, birgə təşkil olunan biznes
forumlar, ixracyönümlü rəqabətqabiliyyətli məhsullar haqqında
mütəmadi məlumat mübadiləsi aparmağa imkan verəcək.

Nazir Azərbaycanın istehsal etdiyi məhsulların, o cümlədən kənd
təsərrüfatı məhsullarının Bolqarıstan vasitəsilə Avropa İttifaqı və
üçüncü ölkələrə ixracı ilə bağlı yaranan çətinliklərin və
bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyinə toxunub.
Məcnun Məmmədov hər iki ölkənin iş adamlarını məhsul ixracı üçün
əlverişli coğrafi mövqelərdən, Azərbaycan və Bolqarıstandakı
iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa
çağırıb.

Daha sonra İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan
Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair
protokol imzalanıb. Sənəd iki ölkə arasında iqtisadiyyat, kənd
təsərrüfatı, qida təhlükəsizliyi, sənaye, energetika, nəqliyyat,
informasiya kommunikasiya texnologiyaları, elmi-texniki və
humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində
ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur.
Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli
münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi
niyyəti öz əksini tapıb.

Tərəflər İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan
Hökumətlərarası Komissiyanın 8-ci iclasının gələn il Azərbaycanda
keçirilməsi barədə razılığa gəliblər.