
Bakı. Trend:
Azərbaycan və Belçika arasında qarşılıqlı sərmayə
təşəbbüslərinin reallaşması imkanları dəyərləndirilib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.
Belə ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Belçika
Müəssisələri Federasiyasının prezidenti, “FiB Belgium” şirkətinin
icraçı direktoru Rene Branders ilə görüşüb.
Görüşdə Azərbaycanın Belçika Krallığı ilə əlaqələrin inkişafına
önəm verdiyi vurğulanıb, keçirilən görüş və tədbirlərin, aparılan
danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyət kəsb
etdiyi qeyd olunub. Belçika ilə ticarət, sənaye, enerji, nəqliyyat
və digər istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi üçün
imkanlar diqqətə çatdırılıb. Belçikalı investorlar ölkəmizdə həyata
keçirilən layihələrdə fəal iştiraka dəvət olunub.
Tərəflər Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın
prioritetləri, qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması və
ixrac missiyalarının təşkili imkanlarını dəyərləndiriblər.
Qeyd edək ki, Belçika Müəssisələri Federasiyası 1973-cü ildə
Belçika Sənaye Federasiyası və Belçikanın Sənaye Olmayan
Müəssisələr Federasiyasının birləşməsi ilə yaradılıb. Qurum 40-dan
çox sahəvi federasiya vasitəsilə 50 mindən çox şirkəti özündə
birləşdirir.

