Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Respublikasının səhiyyə
naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri ilə birgə
Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin
xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri
qoyublar.

Trend
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlar görkəmli oftalmoloq-alim, akademik
Zərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim və səhiyyə
təşkilatçısı Əziz Əliyevin, eləcə də tanınmış elm xadimi Tamerlan
Əliyevin məzarlarını da ziyarət edərək üzərinə çiçəklər
düzüblər.




Daha sonra Ukrayna nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək,
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəman Vətən övladlarının, həmçinin Ukrayna əsilli Azərbaycanın
Milli Qəhrəmanı Viktor Seryoqinin xatirəsini ehtiramla yad edib,
məzarları üzərinə güllər qoyublar.

Səfər çərçivəsində Ukrayna nümayəndə heyəti Zəfər Parkını da
ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək
şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ukrayna Respublikasının
səhiyyə naziri Viktor Lyaşko Azərbaycan Respublikasının səhiyyə
naziri Teymur Musayevlə görüşü baş tutacaq.