
Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
paytaxtdakı “Qalereya-1969” sərgi salonunda “Böyük Qayıdışa aparan
yollar” adlı sərgi-təqdimat keçirib.
Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyinin
fəxri üzvü, ölkəmizdə ictimai-siyasi fotojurnalistikanın tanınmış
veteranı Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdən
ibarət sərgiyə tamaşa ediblər. Bu fotoşəkillərdə, əsasən, Ulu Öndər
Heydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti,
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdən
sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq
işlərinin nəticələri əks olunub. Fotoşəkillərdən bir neçəsi ilk
dəfədir ki, nümayiş olunurdu.
Daha sonra sərgi salonunda Dövlət Komitəsi tərəfindən Böyük
Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni
salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan
məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri
çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda çəkilmiş videoçarxlar
nümayiş etdirilib.
Ulu Öndər Heydər Əliyevin xalqımız və milli dövlətçiliyimiz
qarşısındakı böyük xidmətlərinin təbliğinin indiki və gələcək
nəsillər üçün əhəmiyyətini vurğulayan, Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərin, o cümlədən Böyük
Zəfərin və onun nəticəsi olaraq başlanmış Böyük Qayıdışın hazırda
dünyanın diqqət mərkəzində olduğunu xatırladan Dövlət Komitəsinin
sədri Rövşən Rzayev sərgi-təqdimat barədə tədbir iştirakçılarına
məlumat verib, bu cür tədbirlərin Böyük Qayıdışa dair I Dövlət
Proqramı çərçivəsində təşkil olunduğunu qeyd edib.
Tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açılış
nitqi ilə çıxış edib.
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini,
akademik Rafael Hüseynov tədbirdə çıxış edərək bildirib ki,
ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə daim diqqət və qayğı
göstərilib, bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Azərbaycanın
bu günkü nailiyyətlərinin müstəqil dövlət quruculuğu dövründə
Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu vurğulayan natiq
birinci Qarabağ müharibəsində atəşkəs olunmasının, “Əsrin
müqaviləsi”nin imzalanmasının, ölkəyə xarici valyuta cəlb
edilməsinin, müasir ordunun formalaşdırılmasının, bütün sahələrdə
köklü islahatların aparılmasının, həmçinin qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli üçün görülən işlərin
əhəmiyyətindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev də
ölkə rəhbəri seçilərkən xalqa verdiyi vədlərin hamısını yerinə
yetirib. Məhz onun təşəbbüsü ilə məcburi köçkünlər qısa müddətdə
çadır düşərgələrdən, vaqonlardan və yaşayış üçün əlverişsiz olan
digər yerlərdən müasir tipli qəsəbələrə köçürülüblər, bu
kateqoriyadan olan 300 min insan yeni ev və ya mənzillə təmin
edilib. Dövlətimizin başçısının hərbi-siyasi qətiyyəti, şanlı
Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi
isə məcburi köçkünlərin doğma yurda qayıdışına şərait yaradıb.
Böyük Zəfərdən sonra başlanmış Böyük Qayıdış hazırda uğurla davam
etdirilir, Qarabağın, Şərqi Zəngəzurun yenidən dirçələn şəhər və
kəndləri öz daimi sakinlərinə qovuşur.
Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərə Birinci
vitse-prezident Mehriban xanım Əliyeva da təsirli dəstək göstərir.
Beşinci ili tamam olan tarixi Zəfərdən sonra başlanmış Böyük
Qayıdış prosesi də Azərbaycan dövlətinin keçmiş məcburi köçkünlərlə
bağlı dünyada analoqu olmayan siyasətinin bariz ifadəsidir. Uzun
illər doğma torpaqlarından məcburi şəkildə didərgin düşmüş
vətəndaşların təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə geri
qayıtması üçün sistemli tədbirlər həyata keçirilir.
Akademik həmçinin əlavə edib ki, ölkə başçısı cənab İlham
Əliyevin tapşırığına uyğun olaraq icra edilən Böyük Qayıdış tək
insanlar öz yurdlarına qayıdışı deyil, həm də tarixi həqiqətə,
mənəvi köklərə qovuşmaqdır.
Tədbirdə, həmçinin “Böyük Qayıdışa gedən yollar” adlı
videoçarxın təqdimatı olub. Videoçarx Böyük Qayıdışın emosional və
insani tərəflərini işıqlandırır, azad edilmiş torpaqlarda həyatın
yenidən doğuluşunu sənədli kadrlarla əks etdirir.
Sərgi-təqdimatda çıxış edən Rafiq Bağırov onun yaradıcılığına
göstərilən diqqətə və sərginin təşkilinə görə Dövlət Komitəsinə
minnətdarlıq bildirib. Dövlət Komitəsi adından tanınmış fotoqrafa
təşəkkürnamə təqdim edilib.
Tədbirdə Rafiq Bağırovun 1990-cı illərdə Ulu Öndər Heydər
Əliyevin Cəbrayıldan olan məcburi köçkünlərlə görüşündə çəkdiyi
şəkillər içərisində azyaşlı uşaqla – Səma Məmmədova ilə olan fotosu
daha çox diqqət çəkib. Tədbirdə çıxış edən Cəbrayıl rayonundan
keçmiş məcburi köçkün Səma Məmmədova uşaq olmasına rəğmən o illərin
ağrı acısını unutmadığını, Ulu Öndərin daim məcburi köçkünlərə
diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb: “Biz Heydər
Əliyevin məcburi köçkünlərə həssas, qayğıkeş münasibətini həmişə
hiss etmişik. Bugünkü tədbirdə sərgilənən o şəklimiz, dediklərimin
bariz nümunəsidir. Şükürlər olsun, cənab Prezidentimizin
rəhbərliyi, ordumuzun qətiyyəti sayəsində torpaqlarımız işğaldan
azad edilib. Vətənimizə – Cəbrayılımıza qovuşmuşuq”.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, Şuşadan
olan keçmiş məcburi köçkün Vüsalə Fətəliyeva, eləcə də Ağdam
rayonundan olan keçmiş məcburi köçkün, yazıçı-publisist Təhmasib
Novruzov da çıxış ediblər. Natiqlər Böyük Qayıdışın milli
həmrəyliyin, vətən sevgisinin və dirçəliş ruhunun parlaq təzahürü
olduğunu vurğulayıblar. Onlar uşaqlıq və gənclik illərini
keçirdikləri doğma yurd yerlərini xatırlayaraq, həmin yerlərə
yenidən qovuşmağın onlara bəxş etdiyi böyük sevinc və xoşbəxtlik
hisslərindən söz açıblar.
Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri,
mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai
Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

