Şəklin mənbəyi, Getty Images
Avropa və ABŞ-da hər il 31 oktyabrda olduğu kimi bu gün də insanlar qorxuducu kostyumlar geyinərək və balqabaqları oyub dekorasiyalar hazırlayaraq daha çox Halloween kimi tanınan Cadugərlər Bayramını qeyd edirlər.
Bəs bu bayram hansı ənənələrə əsaslanır və niyə hələ də qeyd olunur?
Avropa sivilizasiyalarının çoxunun keçmişini təşkil edən Keltlər dövründə ən mühüm pagan bayramlarından birinin Samhain və ya digər adı ilə Ölülər Bayramı olduğu düşünülür.
Bu bayram məhsul mövsümünün sonunu və qış fəslinin başlanğıcını, yəni ilin “qaranlıq yarısını” simvolizə edirdi.
Samhain Gal dilində “yayın sonu” mənasını verir.
Keltlər bu bayram günündə ruhların dünyaya geri döndüyünə inanırdılar.
O dövrdə insanların qorxulu kostyumlar geyinərək, böyük tonqallar yandıraraq və heyvanlar qurban verərək pis ruhları uzaqlaşdırmağa çalışdıqları düşünülür.
Keltlərin həmçinin məhsullarını qorumaq üçün süfrələrində yaxşı ruhlara yer ayırdıqları bildirilir.
8-ci əsrdə Papa III Qriqori Samhain-dən bir gün sonra, 1 noyabrı müqəddəsləri və şəhidləri anmaq üçün xüsusi gün elan etdi.
Bu gün Müqəddəslər Günü kimi tanınır.
Papa Qriqori həmin dövrdə paganlarla barışı qorumaq üçün Müqəddəslər Gününün Samhain ənənələrindən bəzilərini əhatə etməsini istədi.
Beləliklə, Samhain Bayramı zamanla Halloween-ə (Cadugərlər Bayramı) çevrildi.
Halloween əslində Müqəddəslər Günündən əvvəlki gün deməkdir.
Şəklin mənbəyi, Getty Images
Avropada başlayan bu ənənə Amerika qitəsinə də keçdi.
1846-cı ildə İrlandiyada baş verən kartof qıtlığı bir çox irlandlının Amerikaya köçməsinə səbəb oldu.
Bu insanlarla birlikdə Cadugərlər Bayramı da dünyaya yayılmağa başladı.
İnsanlar qonşularının qapısını döyər və şeir və ya mahnı qarşılığında yemək istəyərdi.
Qapı döyənlər özlərini qorumaq üçün qorxulu geyimlər geyinər və pis ruhları təqlid edərdi.
Bu ənənə bu gün uşaqların kostyum geyinib qapı-qapı gəzərək qonşulardan konfet istəməsi ilə davam edir.
Meksikada da “Ölülər Günü”
Şəklin mənbəyi, Getty Images
Meksikada da bu günlərdə, adətən,1-2 noyabr olsa da, 31 oktyabrdan noyabrın ilk həftəsonuna qədər “Ölülər Günü” kimi qeyd olunur.
Meksikalılar bu tarixlərdə ailəvi şəkildə bir araya gəlir, vəfat etmiş yaxınlarını anır, gecəni qəbiristanlıqlarda keçirirlər.
İnsanlar skelet makiyajı edərək rəngarəng geyimlər geyinirlər. Lakin bu kostyumların məqsədi qorxutmaq deyil, ölüləri xatırlamaqdır.
“Ölülər Günü”nün mənşəyinin asteklərə qədər uzandığı düşünülür.
Başqa bir nəzəriyyəyə görə isə bu bayram ispan kolonistləri və missionerlər vasitəsilə “Əzizlər Günü” ənənəsinin bu torpaqlara gətirilməsi və yerli mədəniyyətlə qarışaraq bugünkü formasını alması ilə yaranıb.
Balqabaq niyə Halloween-in simvoluna çevrilib?
Bu bayramda balqabaq əsas simvollardan biridir. Hətta balqabağın Meksikadan dünyaya yayıldığı qəbul edilir.
Balqabaq Antarktika istisna olmaqla bütün qitələrdə yetişə bilir, amma əsas mənşəyi Meksikadır və tarixi 7500 il əvvələ gedib çıxır.
Sərt iqlimə davamlı olduğu üçün balqabaq antik Meksika mətbəxinin əsas elementlərindən biri olub.
Dünyanın bir çox yerində balqabağın yalnız ətli hissəsi istifadə olunsa da, Meksikalılar həm asteklər, həm də mayalar dövründə bu meyvənin hər hissəsindən faydalanıblar: ətli hissəsi yeməklərdə və souslarda, çəyirdəyi qovrulub üyüdülərək, qabığı oyulub qab kimi istifadə olunub.
İspanlar Meksikanın Yucatan bölgəsinə gəldikdə, balqabaq çəkirdəyi sousuna batırılmış qarğıdalı tortillası olan papadzules (lord yeməyi) ilə qarşılanıblar.
Daha sonra ispaniyalılar balqabağı öz ölkələrinə aparıblar, oradan da dünyanın hər yerinə yayılıb və əsrlər ərzində fərqli növləri yaranıb.
Bu festivalda yeyilən məşhur şirniyyatlardan biri “Calabaza en tacha” adlanır.
Bir qazanda balqabaq qaynadılır,
Şərbət halına gətirilmiş işlənməmiş şəkər qamışı ilə qarışdırılır,
Guava meyvəsi və darçın əlavə edilərək bir saat qaynadılır.
Beləliklə, balqabaq bu şirin şərbəti tamamilə özünə çəkir və ləzzətli bir şirniyyata çevrilir.

