Ələt Azad İqtisadi Zonasında (AİZ) fəaliyyət göstərən şirkətlərə istənilən yardımı göstərməyə hazırıq.
“Report” xəbər verir ki, bunu AİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıya səfər edən İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvləri ilə keçirilən genişmiqyaslı biznes görüşündə bildirib.
Onun sözlərinə görə, hər hansı bir alıcı və satıcı ilə təmaslar qurmağa, Azərbaycanda istehsal edilən məhsulların alınmasına yardım etməyə hazırıq: “O cümlədən müəssisədə çalışan insanların işə götürülməsi prosesinə də yardım etməyə hazırıq”.
V. Ələsgərov qeyd edib ki, bir məsələni də nəzərə alın ki, Ələt Azad İqtisadi Zonasında istehsal edilən hər bir məhsul üstünə “Made in Azerbaijan” brendi vurulur: “O səlahiyyəti dövlət bizə verib. O sertifikatı biz veririk. Üzərində “Made in Azerbaijan” brendi olan məhsullar ətraf 10 ölkəyə satılanda o ölkələrdə də heç bir gömrük rüsumu yada ki, əlavə dəyər vergisi ödənilmir.
Bu da imkan verir ki, AİZ-də istehsal edilən məhsulu o ölkələrə bu üstünlüklərdən istifadə edərək daha geniş şəkildə satmağa, daha çox mənfəət qazanmağa imkan verir”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

