Azərbaycan və Dünya Bankı maliyyə idarəçiliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi
Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, görüşdə
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi,
dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət üzrə imkanlar
və yeni çağırışlar, həmçinin potensial tərəfdaşlıq istiqamətləri
müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya
Bankı ilə tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz Dünya Bankına üzv
olduqdan sonra Bankın maliyyə dəstəyi, texniki ekspertizası və
tövsiyələri infrastruktur, təhsil, səhiyyə və dövlət idarəçiliyi
kimi əsas sahələrdə inkişafa əhəmiyyətli töhfə verib. Bu əməkdaşlıq
eyni zamanda enerji, nəqliyyat və sosial xidmətlər üzrə layihələrin
irəliləməsinə, həmçinin davamlı inkişafa və makroiqtisadi
sabitliyin təmin edilməsinə xidmət edib.

Görüş zamanı Dünya Bankı tərəfindən İsveçrənin İqtisadi
Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə
həyata keçirilən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə
Potensialın Gücləndirilməsi” layihəsinin icrası da diqqət
mərkəzində olub, Maliyyə Nazirliyinin təqdim etdiyi dövlət
maliyyəsinə baxış, rəqəmsal həllər və informasiya sistemlərinin
qiymətləndirilməsi və potensialın gücləndirilməsi ilə bağlı
təkliflər ətrafında fikir mübadiləsi aparılıb.




Qeyd olunub ki, rəqəmsal həllər və informasiya sistemlərinin
qiymətləndirilməsi çərçivəsində Dünya Bankının missiyası Nazirlikdə
diaqnostik təhlil aparacaq. Bu təhlil Nazirliyə mövcud vəziyyəti
təhlil etməyə, boşluqları müəyyənləşdirməyə və vahid Dövlət Maliyyə
İdarəetmə Informasiya Sisteminin arxitekturasının formalaşdırılması
üçün gələcək inkişaf istiqamətlərini müəyyən etməyə imkan
verəcək.

Öz növbəsində, Əsəd Ələm maliyyə idarəçiliyi və fiskal siyasətin
təkmilləşdirilməsi sahəsində Azərbaycan hökumətinin gördüyü işləri
yüksək qiymətləndirərək, sözügedən layihənin uğurlu icrasının
dövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinə və
dayanıqlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.

Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın
daha da genişlənəcəyinə əminlik ifadə olunub, həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb.