
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Rabitəbank”
ASC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
UNEC-in rektoru, professor Ədalət Muradov və “Rabitəbank”
ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovun imzaladığı
memorandum universitet-sənaye əlaqələrinin gücləndirilməsi, təhsil
və bank sektoru arasında bilik və təcrübə mübadiləsinin
genişləndirilməsi məqsədi daşıyır.
Memoranduma əsasən, tərəflər bank sahəsində müasir
texnologiyalar və rəqəmsal bankçılıq istiqamətində təcrübə
mübadiləsi aparacaqlar, UNEC-in Ömürboyu Təhsil Mərkəzi ilə birgə
kommersiya yönümlü təlimlər həyata keçirəcəklər. Bundan başqa,
memorandumda tələbələr üçün Rabitəbankda müxtəlif növ təcrübə
proqramlarının, o cümlədən istehsalat təcrübələrinin təşkili, birgə
layihə, konfrans, təlim və seminarların keçirilməsi, həmçinin bank
mütəxəssislərinin UNEC-in tədris prosesinə mühazirəçi qismində cəlb
edilməsi əks olunub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Karyera
günləri”nin təşkili də nəzərdə tutulub.

