
Bakı. Trend:
Mərkəzi Bankda 2025-ci il oktyabr ayının 30-da “Azərbaycan
Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi
dayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.
Mərkəzi Bankın sədri, alt İşçi Qrupun rəhbəri Taleh Kazımov
görüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə
Tədbirlər Planının yekun versiyasının hazırlanması istiqamətində
görülən işləri müsbət qiymətləndirib. O, Tədbirlər Planının
Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli, 356s nömrəli
Sərəncamı ilə müəyyən olunmuş müddət ərzində əhatəli və təkmil
hazırlanmasında alt İşçi Qrup üzvləri arasında səmərəli əməkdaşlıq,
qarşılıqlı koordinasiya və məsuliyyətli yanaşmanı xüsusi
vurğulayıb.
Ümumilikdə, Taleh Kazımov beynəlxalq təcrübə və yerli
xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə
makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, maliyyə sabitliyinin
daha da artırılması, həmçinin maliyyə sektorunun iqtisadi artımda
rolunun genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Taleh Kazımov bildirib ki, 356s nömrəli Sərəncamın 6.5-ci
bəndini rəhbər tutaraq “Makroiqtisadi dayanıqlılıq” üzrə alt İşçi
Qrupun Tədbirlər Planı layihəsi, eləcə də tədbirlərin icrası ilə
bağlı maliyyə ehtiyaclarına (maliyyə tələbatı) dair təkliflər 1
noyabr tarixinədək İşçi Qrupun rəhbərinə – Komissiya sədrinin
müavininə təqdim ediləcək.
Görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri də alt
İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək görülən işlərin
effektiv koordinasiya şəraitində aparılmasını və keçirilmiş
müzakirələrin və fikir mübadiləsinin faydalı olduğunu vurğuladılar.
Onlar qəbul ediləcək Tədbirlər Planının ölkənin uzunmüddətli
iqtisadi sabitliyinə və institusional inkişafına mühüm töhfə
verəcəyini qeyd ediblər.
Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupu
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611
nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət
Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması
məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s
nömrəli Sərəncamına əsasən yaradılıb.

