Yeni yanaşma əsasında direktorların işə qəbulu üzrə müsabiqəyə başlanılıb

Baş səhifə

Bakı. Trend:

Ümumi təhsil sistemində idarəetmənin səmərəliliyini və
şəffaflığını artırmaq məqsədilə bu ildən etibarən dövlət ümumi
təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi yeni
yanaşmalar əsasında təşkil olunur.

Trend xəbər
verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, yeni qaydalar əsasında proses məktəb
idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına
xidmət edir və idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin
seçilməsini hədəfləyir. Bu çərçivədə sertifikatlaşdırmada,
müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostik
qiymətləndirmədə yüksək nəticə əldə edən namizədlər arasından seçim
aparılacaq. Namizədlərin idarəetmə, liderlik və strateji düşünmə
qabiliyyətləri isə müsahibə mərhələsində qiymətləndiriləcək.

Müsabiqə mərhələli şəkildə həyata keçiriləcək ki, bu da daha çox
namizədlə keyfiyyətli müsahibələrin aparılmasına və onların
peşəkar, həmçinin şəxsi kompetensiyalarının geniş
qiymətləndirilməsinə imkan yaradacaq. İlkin mərhələdə Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi və regional təhsil idarələri tərəfindən 80-ə yaxın vakant
direktor vəzifəsi müəyyənləşdirilib.




Namizədlərə bildiririk ki, bütün vakant yerlər mərhələli qaydada
elan ediləcək və müsahibələr ardıcıl şəkildə həyata
keçiriləcək.

Direktor vəzifəsinə elektron sənəd qəbulu 30 oktyabr 2025-ci il
saat 11:00-dan 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor portalı vasitəsilə
aparılacaq.

Yeni qaydalar məktəb rəhbərliyinə öyrənən və öyrədən liderlərin
gətirilməsini, peşəkar müəllimlərin karyera inkişafı üçün real
imkanların yaradılmasını, eləcə də şagird nailiyyətlərinə birbaşa
təsir edən idarəetmə mühitinin formalaşdırılmasını təmin
edəcək.