Mərkəzi Asiya və Cənubi Qafqazda regional inteqrasiya sürətləndirilməlidir – Beynəlxalq Valyuta Fondu

Baş səhifə

Bakı. Trend:

İnvestorların cəlb olunması üçün Mərkəzi Asiya və Cənubi
Qafqazda regional inteqrasiya sürətləndirilməlidir.

Trend xəbər verir
ki, bunu onlayn brifinqdə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın
Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur
bildirib.

“Son bir neçə ildə region müxtəlif çağırışlar və ardıcıl
sarsıntılara baxmayaraq dayanıqlı göstəricilər nümayiş etdirib.
2020–2021-ci illərdə COVID-19 pandemiyası ilə başlayan bu dövrdə
daha sonra Rusiya və Ukrayna arasında müharibə baş verdi ki, bu,
neft bazarlarında, xüsusilə Qafqaz və Mərkəzi Asiya ölkələri üçün
volatilliklə müşayiət olunan ciddi geosiyasi hadisə oldu”, – deyə o
bildirib.

Azurun sözlərinə görə, son illərdə bir sıra faktorlarla əlaqədar
dünyada iqtisadi artımın yaxşı nəticələri müşahidə olunub.

“Bu amillərdən biri Mərkəzi Asiya və Qafqaz ölkələrindən
göndərilən köçürmələr, pul köçürmələri, kapital axınları və işçi
qüvvəsinin miqrasiyası olmuşdur. Bundan əlavə, regionun bu çoxsaylı
sarsıntılara dözümlülük göstərmə qabiliyyəti və regional
əməkdaşlığı gücləndirməsi əlavə artıma təkan verən başqa bir
elementdir. Göstəricilər gözləniləndən yaxşı oldu, xüsusilə son
dövrlərdə, inflyasiyanın artmasına baxmayaraq. Lakin inflyasiya
riskləri ölkələrdən onu nəzarətdə saxlamaq üçün zəruri tədbirlər
görməyi tələb edir”, – deyə o vurğulayıb.

Azur əlavə edib ki, son illərdə müşahidə olunan dayanıqlıq artan
qlobal qeyri-müəyyənlik fonunda daha da gücləndirilməlidir.

“Mövcud problemlərin həllinin ən yaxşı yolu makroiqtisadi
əsasların gücləndirilməsidir: inflyasiyanın nəzarətdə saxlanması,
ticarət gərginliyindən doğa biləcək nəticələrin aradan
qaldırılması. Ticarət tədbirlərinin təxirə salınmış təsiri zamanla
ölkələrə mənfi təsir göstərə bilər. Buna görə də maliyyə
dayanıqlığını təmin etməyə yönəlmiş düzgün fiskal siyasətin
aparılması makroiqtisadi sabitliyin qorunması üçün vacib amildir”,
– deyə o bildirib.




Regionun investisiya potensialından danışan Azur qeyd edib ki,
son illərdə qlobal iqtisadiyyat bir sıra sarsıntılarla üzləşib ki,
bu da qlobal ticarət və inteqrasiyanın strukturunu dəyişib.

“Bu, ticarət gərginliklərinin və fragmentasiyanın artmasına
səbəb oldu, lakin eyni zamanda əvvəllər əsas qlobal ticarət
marşrutlarından kənarda qalan ölkələrə əlaqələndirici rol oynamağa
imkan verdi. Bunu necə nail olmaq olar? Üç mərhələli şəkildə
hərəkət etmək lazımdır.

Birincisi infrastruktur mərhələsi: əlaqəliliyi gücləndirmək üçün
infrastrukturun inkişafına sərmayə qoymağa davam etmək. Buraya
yollar, dəmir yolları, magistrallar, limanlar, enerji şəbəkələri
daxildir – region ölkələri arasında nəqliyyat və enerji əlaqələrini
yaxşılaşdıra biləcək hər şey”, – deyə BVF nümayəndəsi izah
edib.

“İkinci mərhələ qayda və tənzimləmələrin harmonizasiyasıdır ki,
bu da region ölkələrinin məhsuldarlığını artıracaq, malların
daşınması üçün vaxt və xərcləri azaldacaq.

Və nəhayət, üçüncü mərhələ biznes mühitinin
yaxşılaşdırılmasıdır. Daha əlverişli iş mühiti yaratmaq özəl
sektora regionun artan iqtisadiyyatları fonunda genişlənmək üçün
daha çox imkan verəcək.

Son element regional inteqrasiyanın sürətləndirilməsi, vahid
ümumi bazar yaradılaraq xarici investorları cəlb etmək və region
üçün yeni imkanlar açmaqdır”, – deyə Cihad Azur yekunlaşdırıb.