Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Baş səhifə

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan
edib.

Trend xəbər
verir ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə
edilən sənədlər elektron formada mib.media.gov.az portalı
vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq
dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim
etməkdir.

Müsabiqəyə təqdim edilən materiallar:

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr
ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər
hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə
müsabiqəyə təqdim edir:




  • ən yaxşı reportaj;
  • ən yaxşı ictimai-siyasi təhlil;
  • ən yaxşı sosial-iqtisadi təhlil;
  • ən yaxşı müsahibə;
  • ən yaxşı mədəniyyət materialı;
  • ən yaxşı köşə yazısı;
  • ən yaxşı jurnalist araşdırması;
  • ən yaxşı oçerk.

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr
ərzində audiovizual media subyektində yayımlanmış və həcmi
(xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı
nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

  • ən yaxşı ictimai-siyasi reportaj;
  • ən yaxşı sosial-iqtisadi reportaj;
  • ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.

Materialların qiymətləndirilməsi Medianın İnkişafı Agentliyi
tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata
keçirilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş
nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün
nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 (beş)
jurnalist və 5 (beş) operator qalib elan edilir və
mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 7 noyabr 2025-ci il 18:00 tarixinədək
davam edəcək.

MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə
buradan tanış ola bilərsiniz.