Bakı. Trend:
Bu gün Bakıda Avrasiya Françayzinq Forumu çərçivəsində
Azərbaycan və Qazaxıstan arasında ticarət razılaşmalarının olacağı
gözlənilir.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Françayzinq Assosiasiyası İdarə Heyətinin
sədri Camid Mövsümov deyib.
O əvvəlcə bildirib ki, Avrasiya Françayzinq Forumu 2025-ci ilin
28 may tarixində yaradılmış Avrasiya Françayzinq İttifaqının ilk
tədbiridir: “İttifaq çərçivəsində Azərbaycan, Qazaxıstan,
Özbəkistan, Dubay və Rusiyadan olan şirkət və nümayəndələr yer
alır.
Forumda Qazaxıstanın ticarət nazirinin müavini, “Gaztrade”
şirkətinin icraçı direktoru iştirak edir. Bu şəxslərin iştirakı
birbaşa ticarət razılaşmaları üçün nəzərdə tutulub”.
C. Mövsümov vurğulayıb ki, tədbirdən əvvəl Azərbaycan və
Qazaxıstan nümayəndələrinin görüşləri təşkil edilib:
“Bu görüşlər çərçivəsində tərəflər müəyyən razılıqlara nail
olublar.
Qazaxıstanla Azərbaycan arasında dövlətlərarası razılaşmanın
davamı olaraq Qazaxıstan dövlət nümayəndələri bu gün Avrasiya
Françayzinq Forumunda yer alırlar.
Azərbaycan istehsallı məhsulların Qazaxıstan bazarına daha rahat
çıxışı üçün dəstək olunması, eyni zamanda iki ölkə məhsullarının
qarşılıqlı alış-verişin təşviq edilməsi əsas üstünlük verdiyimiz
məqamlardandır”.
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin təqribən
500 milyon ABŞ dolları təşkil etdiyini vurğulayan Cavid Mövsümov
qeyd edib ki, ölkə liderinin də bildirdiyi kimi, bu rəqəmi 1
milyard dollara çatdırılması hədəflənir: “Bu istiqamətdə Avrasiya
Françayzinq Forumu öz töhfəsini verməyi hədəfləyir. Eyni zamanda
Dubayın Françayzinq rəhbəri də bu gün foruma qatılıb. Həmçinin bu
gün Özbəkistan şirkətləri də forumda öz məhsullarını təqdim
edirlər.
Sözügedən ölkədən Azərbaycana böyük investisiya axınının olacağı
gözlənilir. Eyni zaman da Rusiya bazarı da Azərbaycan üçün hər
zaman xüsusi önəm kəsb edir. Hazırda Rusiyanın ən böyük restoran
zəncirlərindən biri tədbirdə öz yerini alıb”.

