“Art Weekend” çərçivəsində Bakıda “Paratetisin dörd dənizi” adlı incəsənət kruizi təşkil olunacaq (FOTO/ VİDEO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda “Bakıya Uçuş.
İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend.
Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalı
keçiriləcək.

Trend xəbər verir
ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya
gətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin
təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə
gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla
Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və
kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət
okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili
vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,
yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –
davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “Art
Weekend”in əsas elementi seçilib.

Festivalın əsas mövzusu – həyatın, yenilənmənin və dayanıqlı
inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv
yaddaşı təcəssüm etdirən su, “Art Weekend”in əsas elementi kimi
seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə
mənalı dialoquna töhfə verəcək.

Festival çərçivəsində ən maraqlı proqramlardan biri, Respublika
Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru, “Ekosfera”
sosial-ekoloji mərkəzinin rəhbəri Firuzə Sultanzadə tərəfindən məhz
İncəsənət həftəsonu üçün hazırlanmış “Paratetisin dörd dənizi” adlı
immersiv proqramdır. Bu proqram uşaqlar və onların valideynləri
üçün nəzərdə tutulub, bir neçə məkan və istiqaməti birləşdirir.
Firuzə Sultanzadənin sözlərinə görə, proqramın məqsədi
yaradıcılığı, təhsili və ekoloji düşüncəni birləşdirərək gənc
nəslin mədəniyyət və təbiətin əhəmiyyətini dərk etməsinə, eləcə də
incəsənət vasitəsilə öz bacarıqlarını inkişaf etdirməsinə şərait
yaratmaqdır. Uşaqlar sadəcə tamaşaçı yox, həm də tamhüquqlu
iştirakçılar olacaqlar.

Proqram iştirakçıları dörd “incəsənət limanı”ndan ibarət
art-kruizə çıxacaqlar, burada musiqi, təsviri incəsənət, elm və
tədqiqat “dalğaları” üzərindən səyahət edəcəklər. Hər məntəqədə
onları maraqlı və fərqli proqramlar gözləyəcək.

Birinci liman – Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzi
olacaq. Burada iştirakçılara art-kruiz pasportları təqdim ediləcək
və həmin pasportlarda ziyarət edilməli olan dörd məntəqə qeyd
olunacaq.




“Burada qonaqlar elm atmosferinə düşəcəklər, müxtəlif ustad
dərslərində iştirak edəcəklər, peşəkarlar, rəssamlar,
heykəltəraşlar, landşaft dizaynerləri və alimlərlə birgə
yaradıcılıqla məşğul olacaqlar, müxtəlif təcrübələr aparacaqlar.
Məsələn, teatr maskaları hazırlayacaqlar, rəngləyəcəklər, dənizin
səslərinə qulaq asacaqlar, balinalar və delfinlər haqqında
öyrənəcəklər, su ilə bağlı problemləri araşdıracaqlar.”

İkinci liman – Respublika Uşaq və Gənclərin İnkişaf Mərkəzinin
yaxınlığında yerləşən Azərbaycan Milli İncəsənət Muzeyi olacaq.

“Muzeydə uşaqlar rəssamlarla görüşəcək, onlara ekskursiya təşkil
olunacaq. Bütün bu fəaliyyətlər interaktiv və immersiv xarakter
daşıyacaq. Uşaqlara rəssamların suyu necə təsvir etdikləri, suyun
bədii fikir vasitəsilə necə ifadə oluna biləcəyi izah ediləcək.
Bundan başqa, sulu əsasda akvarel rəssamlığı üzrə ustad dərsləri
keçiriləcək. Həmçinin monotypiya – çap qrafikasının bir növü olan
texnika təqdim olunacaq. Bu texnikada təsvir rəssam tərəfindən
yağlı və ya çap boyası ilə metal lövhə üzərinə çəkilir və daha
sonra ofort dəzgahında nəm kağız üzərinə təzyiqlə köçürülür. Geniş
zalda isə suya, təbiətin mühafizəsinə və dəniz sahilində yaşayan
heyvanlara həsr edilmiş müxtəlif animasiya və sənədli filmlər
nümayiş olunacaq.”

Üçüncü liman – Azərbaycan Milli İncəsənət Muzeyinin yaxınlığında
yerləşən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyası olacaq.

“Filarmoniyada Əməkdar artist Eyub Quliyevin rəhbərliyi altında
Qara Qarayev adına Dövlət Kamera Orkestri çıxış edəcək. Onlar suya
həsr olunmuş dünya və milli klassiklərin, eləcə də müasir
müəlliflərin qısa əsərlərini təqdim edəcəklər. Uşaqlar bu musiqi
nömrələrinə daxil olacaq, orkestr ilə birgə ünsiyyət quracaq, hətta
dirijorluq da edəcəklər. İfaçılar əsərlər arasında uşaqların
suallarını cavablandıracaq, musiqi alətləri və yaradıcılıq prosesi
barədə danışacaqlar. Bu, immersiv teatr formasında təqdim
olunacaq.”

Nəhayət, dördüncü liman – Filarmoniyanın yaxınlığında, 6 nömrəli
məktəbin qarşısındakı fəvvarəli açıq meydan olacaq.

“Yekun mərhələ üçün biz hətta şişmə hovuzlar və xüsusi yastıqlar
da almışıq. Orada böyük kubiklər yerləşdiriləcək, uşaqlar bu
səthlər üzərində strit-art sınayacaq, sulu əsaslı və silinən
markerlərlə dənizlər və çaylarla bağlı təsvirlər yaradacaqlar.
Burada Dövlət Kukla Teatrı ilə birgə xüsusi immersiv tamaşa təşkil
olunacaq. Uşaqlar özləri ustad dərslərində düzəltdikləri kuklalarla
çıxış edib nağıl danışacaqlar. Ən əsası isə dörd dənizə – Qara,
Xəzər, Azov və Aral dənizlərinə xüsusi diqqət ayrılacaq. Hər biri
öz xarakteri, tarixi və ekoloji problemi ilə təqdim olunacaq. Bütün
bunlar assosiativ şəkildə göstəriləcək. Əminəm ki, bu proqram
uşaqların yaddaşında uzun müddət qalacaq və onlar ətraf mühiti,
yaradıcı insanları, musiqini, yaradıcılığın və ekologiyanın dünyanı
qoruyan birləşdirici gücünü hər zaman xatırlayacaqlar.”