Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Rio-de-Janeyroda
hüquq-mühafizə orqanlarının yerli narkotik dəstələrinə qarşı
keçirdiyi əməliyyat zamanı çoxsaylı insan tələfatı və
yaralanmalardan ciddi narahatlığını ifadə edib və Braziliya
hakimiyyətini hadisəni araşdırmağa çağırıb.
Trend xəbər verir
ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi
Stefan Düjarrik brifinqdə məlumat verib.
Qeyd edək ki, Rio-de-Janeyro ştatının hakimiyyət orqanları
əməliyyat nəticəsində 132 nəfərin həlak olduğunu təsdiqləyib.
“Baş katib polis əməliyyatlarında güc tətbiqinin beynəlxalq
hüquq və standartlara uyğun olmasının vacibliyini vurğulayıb və
hadisə ilə bağlı dərhal araşdırma aparılmasına çağırıb”, – Düjarrik
bildirib.
O əlavə edib ki, mövcud məlumata əsasən, Braziliyadakı bütün BMT
əməkdaşları təhlükəsizlikdədir.

