Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin
inkişafı, yenidən qurulması, insanların rahat yaşayışı üçün bütün
zəruri addımların atılması, vətəndaş məmnunluğunun təmin edilməsi
dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir.
Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi “İqtisadi artım
qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq
regionların malik olduğu potensialdan səmərəli istifadə edilməsi
istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Artıq
regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı
uğurla icra edilib. Tarixi Zəfərimizdən sonra yeni reallıqların
qarşıya qoyduğu çağırışlara əsasən təsdiqlənən “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bütün
bölgələrimizin sosial-iqtisadi inkişafını başlıca hədəf kimi
müəyyənləşdirib. İqtisadi artımın sürətlənməsi, azad edilmiş
ərazilərə əhalinin qayıdışının təmin olunması Azərbaycanın yeni
inkişaf yolunun əsasını təşkil edir. 2030-cu ilədək olan dövr üçün
ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin
reallaşdırılması qarşıya əsas hədəf kimi qoyulub. Bunlar dayanıqlı
artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial
ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir
innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük
Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Dövlət
başçısı İlham Əliyevin azad edilmiş ərazilərlə yanaşı, bütün
regionlarımızın inkişafını diqqətdə saxlaması, mövcud potensialdan
səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar
atması diqqətdən kənarda qalmır. Bu baxımdan ölkə Prezidenti İlham
Əliyevin oktyabrın 28-də Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan
rayonlarına səfərləri özündə bütün məqamları ehtiva edir.

Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, sənaye parklarının və
aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət
qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının
artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və
müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin
həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların
yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin
yaxşılaşmasına xidmət edir. Dövlət başçısı İlham Əliyev Sabirabad
Sənaye Məhəlləsində bir sıra istehsal müəssisələrinin fəaliyyəti
ilə tanış oldu. Ölkədə sənaye məhəllələrinin yaradılması
dövlətimizin başçısının 2014-cü ildə imzaladığı “Sənaye
məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında”
Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd
sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta
sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və
əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə
imzaladığı Sərəncamla yaradılıb. Prezident İlham Əliyev, həmçinin
İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı
müəssisəsinin açılışında da iştirak etdi. Hər bir bölgədə atılan
addımlar malik olduqları potensialdan səmərəli istifadənin təmin
edilməsinə və ölkənin dayanıqlı inkişafına töhfələr verilməsinə
xidmət edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindən
biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın
Böyük Qayıdış Proqramı çərçivəsində öz doğma yurd-yuvalarına
qayıdışlarının gerçəkləşdirilməsi idi. Artıq 6 şəhər, 2 qəsəbə və
20 kənd sakinlərinə qovuşub. Dövlət başçısı İlham Əliyevin Cəbrayıl
rayonuna səfəri zamanı sakinlərinə qovuşan kəndlərimizin sırasına
Horovlu kəndi də daxil oldu. Ölkə Prezidenti İlham Əliyev kənddə
görülən işlərlə tanış oldu, sonra kəndə köçən sakinlərlə görüşüb
onlara evlərin açarlarını təqdim etdi. Horovlu kəndi 1993-cü ildə
Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də
Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini
Prezident İlham Əliyev 2023-cü ilin mayında qoymuşdu. Dövlətimizin
başçısı və Birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında
Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış
olmuşdular. Bu gün artıq ümumi sahəsi 248 hektar olan Horovlu
kəndində 334 fərdi ev inşa edilib. Kənddaxili yollara asfalt
döşənib. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624
şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq
bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin,
çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və
idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirildi. Kənddə
tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”,
“Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib.
Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına
təmin olunacaq. Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina
inşa edilib. Dövlət başçısı İlham Əliyev Horovlu kənd sakinləri ilə
görüşündə “Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və
bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə
gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd
edəcəyik. 8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq
səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs
salıb” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan xalqı mərd,
qəhrəman, iradəli, öz torpağına bağlı olan xalqdır. Biz sübut etdik
ki, işğalla barışmaq fikrində deyildik, halbuki bunu dəfələrlə
bəyan etmişdik. Döyüş meydanında 300-dən çox şəhər, qəsəbə, kənd
azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim
olmağa məcbur oldu. O gündən bu yana quruculuq işləri ilə məşğuluq.
Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq
50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır,
təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz
vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə
işləyən vətəndaşlardır. Böyük Qayıdışın əyani sübutu bu gün
gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan
dövləti bir daha öz siyasətini göstərir.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin
Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yenidən inşa edilən
kəndlərin açılışı, yeni yaşayış komplekslərinin təməlinin qoyulması
bütün azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsini
yaradır. Qeyd edək ki, Cəbrayıl şəhəri də sakinlərinə qovuşan
şəhərlərimiz sırasındadır. Zəngilanın Ağalı kəndi isə ilk pilot
layihə olaraq “ağıllı kənd” layihəsi çərçivəsində bərpa olunaraq
sakinlərinə qovuşan ilk kənd oldu. Səfər zamanı dövlət başçısı
İlham Əliyev Cəbrayıl məscidinin, Cəbrayıl şəhərində ikinci və
üçüncü yaşayış komplekslərinin, Cəbrayıl rayonunun Şahvəlli
kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş
Elektrik stansiyalarının təməlini qoydu, Cəbrayıl rayonu ərazisində
inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil
yolunun açılışında iştirak etdi.

Azad edilmiş ərazilərimizin bərpasında prioritet məsələlərdən
biri bura qayıdacaq soydaşlarımızın işlə təmin edilməsidir. Dövlət
başçısı İlham Əliyev Horovlu kənd sakinləri ilə görüşündə qeyd etdi
ki, Cəbrayıl rayonunda iş yerləri də yaradılır. “Araz Vadisi”
sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət
göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaq.
Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq. Burada
kənd təsərrüfatı, heyvandarlıq ilə məşğul olmaq üçün şərait
yaradılacaq. Ölkə Prezidenti İlham Əliyev bu çağırışı etdi ki,
Qarabağda və Şərqi Zəngəzurda işsizlik olmamalıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Zəngilan
rayonuna səfəri də mühüm məqamlarla yadda qaldı. Belə ki, Zəngilan
şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış
olan dövlətimizin başçısı rayonun Məmmədbəyli və Ağalı kəndlərinin
sakinləri ilə görüşdü, onlara mənzillərin açarları təqdim etdi.
Dövlət başçısı qeyd etdi ki, birinci Böyük Qayıdış Proqramını
Zəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində də
birinci yaşayış kompleksinin tikintisi yekunlaşır. Zəngilan məscidi
tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan
Beynəlxalq Hava Limanı tikilib. Bu bölgə çox önəmli nəqliyyat
mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz
dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl
gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun
gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq, qurduğumuz şəhərlər və
kəndlər bunu göstərir. Ermənilər viran qoyub bizim dədə-baba
torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni
torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda
qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik,
tarixi abidələri bərpa edirik. Biz, bu torpaqların sahibləri
qayıtmışıq və burada əbədi yaşayacağıq.