
Bakı. Trend:
Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Moskva şəhərində
Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər
üzrə daimi komitəsinin iclası keçirilir. Azərbaycan Parlamentini
beynəlxalq tədbirdə təmsil edən Milli Məclisin üzvü, deputat Əminə
Ağazadə Komitənin bu gün keçirilən iclasında çıxış edib.
Trend xəbər verir ki, tədbir
iştiraçılarını salamlayan Milli Məclisin üzvü Asiya Parlament
Assambleyasının yarandığı vaxtdan bəri dialoq, əməkdaşlıq və
qarşılıqlı hörmət ruhunda Asiya ölkələrinin qanunverici orqanlarını
birləşdirən unikal bir platformaya çevrildiyini, artmaqda olan
qeyri-sabitlik, geosiyasi gərginlik, yeni təhlükəsizlik və
humanitar çağırışlarla səciyyələnən müasir dünyada assambleyanın
xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsində, insan və mədəni
əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib.
Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər zaman
mədəni müxtəlifliyi və mədəniyyətlərarası dialoqu cəmiyyətdə
sabitlik və həmrəyliyin vacib amili kimi dəyərləndirib. Paytaxtımız
Bakı şəhəri tolerantlıq, mədəni irsin qorunması və
mədəniyyətlərarası dialoqa həsr edilmiş çoxsaylı beynəlxalq
forumlara ev sahibliyi etmişdir. Bütün din və etnik qrupların
nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində
birgəyaşayışı ölkəmizin çoxmillətli və çoxdinli cəmiyyətinin
ictimai-siyasi inkişafında mühüm rol oynamışdır.
Deputat Əminə Ağazadə çıxışında Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpasından sonra
ölkəmizin postmünaqişə dövründə Ermənistanla sülh müqaviləsinin
imzalanması yolu ilə münasibətlərin normallaşdırılması mərhələsinə
qədəm qoyduğunu xüsusi olaraq qeyd etmişdir. “Ölkə Başçsının
rəhbərliyi altında Azərbaycanın azad edilmiş ərazilərdə
genişmiqyaslı bərpa tədbirləri həyata keçirilir, məcburi
köçkünlərin təhlükəsiz qayıdışını təmin edilir. Bu fəaliyyət Cənubi
Qafqazı sülh, əməkdaşlıq və davamlı inkişaf məkanına çevirmək
mövqeyinə əsaslanır. Azərbaycan əmindir ki, dialoq, qarşılıqlı
anlaşma və beynəlxalq hüquqa hörmət davamlı sabitliyin və regional
rifahın əsas sütunlarıdır.
Bununla yanaşı, 2021-ci ildə Azərbaycanın Mədəniyyət Paytaxtı
elan edilmiş Şuşa şəhəri bu gün mədəni dirçəlişimizin rəmzinə
çevrilmiş, Azərbaycan mədəniyyətinin təbliği və mədəniyyətlərarası
dialoqun təşviqinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlərə ev
sahibliyi edir. Həmçinin, azad edilmiş digər şəhərimiz – Laçın
2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı
elan olunmuşdur. Bu, Azərbaycanın regional mədəni əməkdaşlığa
verdiyi töhfənin bariz nümunəsidir. Bu cür təşəbbüslər azad edilmiş
torpaqların mədəni dirçəlişinin və zəngin irsimizin qorunması və
təbliği istiqamətində ölkəmizin qətiyyətinin göstəricisidir.
Çıxışında Əminə Ağazadə Azərbaycan Respublikası tərəfindən irəli
sürülmüş Qadınlar üzrə Komissiyanın yaradılması haqqında qətnamə
layihəsinə diqqət çəkərək gender bərabərliyi və qadınların
səlahiyyətləndirilməsi dayanıqlı inkişafın, sülhün və
demokratiyanın ayrılmaz tərkib hissəsi olduğunu, APA-nın Qadınlar
üzrə Komissiyasının yaradılmasının bu sahədə təcrübə mübadiləsini,
qadınların siyasi və ictimai həyatda fəal iştirakının təşviqini
təmin edəcək daimi institusional mexanizm yaradacağına əminliyini
ifadə edib.

