“TikTok” ötən il Azərbaycanda ümumilikdə 3 milyonadək videonu silib

Baş səhifə

Bakı.Trend:

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda
yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcı
fəaliyyət üçün rahat mühitin formalaşmasına töhfə verir.
Təhlükəsizliyi qorumaq üçün TikTok ən innovativ texnologiyalardan
və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən on minlərlə
peşəkar mütəxəssisi bu prosesə cəlb edir.

Trend xəbər
verir ki, platformada 24/7 rejimində fəaliyyət göstərən moderasiya
komandası İcma Qaydalarını pozan videokontenti silir, həmçinin
şəffaflıq prinsiplərinə uyğun olaraq hər rübdə silinmiş kontentlə
bağlı məlumatları rüblük hesabatlarda açıqlayır. İcma Qaydalarına
əməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündə
Azərbaycanda:

İcma Qaydalarının pozulmasına görə 880 mindən çox video
silinib.
Ümumi sayın 99,4%-i platforma tərəfindən proaktiv şəkildə — yəni
şikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib.
Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib
ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video
silinib.

Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma
Qaydalarının pozulması ilə əlaqədar olaraq:




Təxminən 190 milyon videoçarx platformadan silinib.
Videokontentin 99,1%-i proaktiv şəkildə silinib.
Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzində
silinib.
90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən
edilərək silinib.

TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya
üzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artım
müşahidə olunur. Bu artım platformanın moderasiya
texnologiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda,
apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, bu
isə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiq
olunduğunu göstərir.

TikTok, həmçinin birbaşa yayımlarda təhlükəsizliklə bağlı daha
çox məlumat açıqlamağa başlayır. Buna keçən il tətbiq olunan və bu
standartları pozan kontentin monetizasiyasının qarşısını almağa
yönəlmiş Monetizasiya Qaydalarına riayət olunmasını təmin edən öz
tədbirləri də daxildir.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrə
monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356
yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar
və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə
kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş
etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, TikTok
müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti
girişini məhdudlaşdıra bilər. Şəffaflığın artırılması istiqamətində
atılan addımlar çərçivəsində platforma bu məlumatları gələcəkdə
birbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əks
etdirəcək.