Azərbaycanın dövlət zəmanətli borcu 10 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun
məbləği 10,686 milyard manat və ya 2025-ci il üzrə
proqnozlaşdırılan ÜDM-in 8,2%-ni təşkil edib.

Bu barədə Trend
Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət zəmanətinin 9,024 milyard manatı (5,308
milyard ABŞ dolları) və yaxud 84,4 faizi xarici kreditlərin, 1,662
milyard manatı və yaxud 15,6 faizi isə daxili kreditlərin payına
düşüb.




Xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi və yaxud
4,197 milyard ABŞ dolları məbləğində hissəsi “Cənub Qaz Dəhlizi”
QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindən
ibarətdir.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 faizini
sabit, 41,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edib.

Cari ilin oktyabrın 1-nə dövlət zəmanətli borc portfelinin
valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 faiz, avro – 18,5
faiz, manat – 12,4 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar –
1,9 faiz.