İşğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib – İlhamiyyə Rzayeva

Baş səhifə

Cəbrayıl. Trend:

Cəbrayıl rayonuna media tur təşkil edilib. Media nümayəndələri
tur çərçivəsində ilk olaraq Horovlu kəndində olublar.

Trend
xəbər verir ki, bunu bu gün Cəbrayıl rayonuna mediatur çərçivəsində
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarıda Bərpa, Tikinti və İdarəetmə
xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə
Rzayeva jurnalistlərə kənd haqqında ətraflı məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334
fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir
kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri,
yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ
xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt
döşənib.

Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird
yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının,
ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı
iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin
tikintisi həyata keçirilib.

Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış
“Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa
edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər
hesabına təmin olunacaq.




İ.Rzayeva jurnalistlərə müsahibəsində bildirib ki, burada inşa
olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin
olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və
musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa,
binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın
ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də
şərait yaradılıb:

“Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb
binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar
mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və
avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika,
biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4
laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada
180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb.
Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa
olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol
meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb.
Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti
yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və
Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii
qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi
istifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmir
edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində
işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin
dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün
əyani sübut kimi saxlanılıb”.

“Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib.
Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin
edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə
kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi
də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına
inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli
planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq
sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu
platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və
tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq
etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü
(3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış
imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem
üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl
qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual
təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə
innovativ həll hesab olunur”, – o əlavə edib.