Energetika Nazirliyində enerji effektivliyi potensialının qiymətləndirilməsi üzrə tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Energetika Nazirliyində Azərbaycan Respublikasının Dövlət Neft
Şirkəti (SOCAR), Heydər Əliyev adına Neft Emalı Zavodu, Qaz Emalı
Zavodu, SOCAR UNİPER MMC, “Azərenerji” ASC, “Azəristiliktəchizat”
ASC, “Təmiz Şəhər” ASC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC,
Ümid Babək Əməliyyat Şirkəti, “bp” şirkəti və “Şahdağ Turizm
Mərkəzi” QSC-nin nümayəndələrinin iştirakı ilə elektrik və istilik
enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik
potensialının qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib.

Trend xəbər verir ki, görüşdə
enerji resurslarından səmərəli istifadəyə yönəlmiş enerji
effektivliyi tədbirlərinin hazırlanması və icrasını təmin etmək,
həmçinin qənaət oluna biləcək enerjinin miqdarının
müəyyənləşdirilməsi üçün texniki cəhətdən mümkünlüyü və iqtisadi
baxımdan əlverişliliyi nəzərə almaqla effektivlik potensialının
qiymətləndirilməsi və bu məqsədlə hesabatların müvafiq qaydada
doldurulması məsələləri müzakirə edilib.

Energetika nazirinin müavini Elnur Soltanov “Enerji
resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”
qanun və bu qanunun tətbiqi ilə bağlı enerji effektivliyinin
potensialının qiymətləndirilməsi qaydalarının əhəmiyyəti barədə
danışıb.




O, enerji qənaətinin ən böyük enerji mənbələrindən olduğunu
vurğulayaraq, enerjidən səmərəli istifadənin ölkəmizin dayanıqlı
inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu baxımdan,
enerji effektivliyinə dair hesabatların vacibliyi xüsusi qeyd
edilib.

Tədbirdə qiymətləndirmə qaydalarına bağlı meyarlar və
hesabatlarda yer alan məqamlar barədə ətraflı fikir mübadiləsi
aparılıb, müvafiq tövsiyələr verilib.