Türk sığorta məkanının inteqrasiyası regional iqtisadi sabitliyə xidmət edəcək – Özgür Obalı (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

Türk sığorta məkanının gücləndirilməsi, qarşılıqlı etimadın
artırılması və regional bazarın inteqrasiyası gələcək üçün əsas
hədəflər sırasındadır.

Bunu Trend-ə bu gün Türkiyə Sığorta Assosiasiyasının baş
katibi Özgür Obalı Bakıda keçirilən “Türk Dövlətləri InsurTech
Sammiti 2025” çərçivəsində müsahibəsində deyib.

O, müsahibəsində sığorta sektorunun qarşısında duran qlobal
çağırışlardan, bu sahədə texnoloji həllər və ortaq əməkdaşlıq
imkanlarından, iqlim dəyişikliyi, enerji keçidi və “yaşıl
iqtisadiyyat”ın sığorta portfellərinə təsirindən danışıb.

Sığortalanma imkanının artırılması – Sektorun əsas
hədəfi

Ö. Obalının sözlərinə görə sığorta sektorunun ən vacib
məsələlərindən biri sığortalanma imkanının artırılmasıdır: “Bu,
sadəcə inkişaf etməkdə olan ölkələr üçün deyil, həm də inkişaf
etmiş və az inkişaf etmiş dövlətlər üçün aktual məsələdir. Əsas
məqsəd sığorta mexanizmini cəmiyyətin bütün təbəqələrinə yaymaq və
hər bir fərdin maliyyə risklərə qarşı qorunmasını təmin
etməkdir”.

Türkiyə Sığorta Assosiasiyasının baş katibi eyni zamanda
vurğulayıb ki, qoruma açığı (yəni sığorta ilə əhatə olunmayan
risklər) nə qədər böyükdürsə, insanların maliyyə itkiləri bir o
qədər çox olur: “Halbuki sığorta bu itkiləri minimuma endirən əsas
təminat mexanizmidir. Buna görə də, bu açığı aradan qaldırmaq həm
Dünya Sığorta Birliyinin, həm də Azərbaycan da daxil olmaqla üzvü
olduğumuz Avropa və Türk Dövlətləri Sığorta Birliyinin əsas
hədəflərindəndir”.

“Bu istiqamətdə ən mühüm məsələlərdən biri sığorta
savadlılığının artırılması, təhsil və mədəniyyət dəyişikliyinin
təşviqidir. Təəssüf ki, bəzi cəmiyyətlərdə sığorta “taleyin təyin
etdiyi bir reallıq” kimi qəbul olunur. Halbuki sığorta maliyyə
itkilərinin paylaşılması və ötürülməsi üçün real və səmərəli bir
vasitədir”, – deyə Ö. Obalı qeyd edib.

Türk Dövlətləri Sığorta Birliyi – Ortaq vizyonun
təməli

Ö. Obalı bildirib ki, Türk Dövlətləri Sığorta Birliyi ideyasının
arxasında duran əsas məqsəd ortaq mədəniyyətə, dilə və tarixə malik
ölkələri vahid sığorta vizyonu altında birləşdirməkdir: “Bu, yalnız
iqtisadi deyil, həm də sosial və strateji əməkdaşlıq baxımından
böyük əhəmiyyət daşıyır. Çünki sığorta “böyük saylar qanunu”na
əsaslanır, yəni hovuz (ortaq maliyyə mexanizmi) nə qədər geniş
olarsa, risklər bir o qədər balanslaşdırılar və sektor daha
dayanıqlı olar.
Bunun üçün isə daha çox regional əməkdaşlıq, ortaq layihələr və
qarşılıqlı tənzimləyici (requlyativ) maneələrin aradan qaldırılması
vacibdir. Məqsəd Türk dünyasında sığortanı inkişaf etdirmək,
təcrübə və resursları paylaşmaqdır”.




Texnologiyanın inteqrasiyası – “InsurTech”
inqilabı

Ö. Obalı qeyd edib ki, texnologiyanın sığortacılığa
inteqrasiyası (“InsurTech”) xüsusi önəm daşıyır: “Türk dünyasında
innovasiya və sahibkarlıq ruhu güclüdür, bu potensialı sığorta
sektoru ilə birləşdirərək müasir, texnologiyaya əsaslanan məhsullar
inkişaf etdirmək mümkündür. Bu baxımdan “InsurTech Hub” kimi
təşəbbüslər çox dəyərlidir”.

Türkiyə Sığorta Assosiasiyasının baş katibi vurğulayıb ki,
hazırda üç əsas istiqamətdə konkret layihələr həyata keçirilir: 1)
Ortaq təhsil və mədəniyyət proqramları – sığorta bilgisinin
artırılması məqsədilə; 2) “Reassurans” (təkrar sığorta)
hovuzlarının birləşdirilməsi – risklərin daha geniş şəkildə
paylaşılması və “böyük saylar qanunu”ndan daha səmərəli yararlanmaq
üçün; 3) Texnologiya və təcrübə mübadiləsi (“know-how” transferi) –
müasir sığorta sistemlərinin tətbiqi üçün.

İqlim dəyişikliyi və onun sığorta sektoruna
təsiri

Ö. Obalı bildirib ki, iqlim dəyişikliyi və onun sığorta
sektoruna təsiri xüsusi diqqət tələb edir:

“Şəhərləşmə, torpaqların şoranlaşması, suyu udmayan mühit və
təbii fəlakətlərin (sel, yanğın, quraqlıq və s.) artması yeni
risklər yaradır. Buna qarşı parametrik sığorta məhsullarının
tətbiqi və innovativ risk idarəetmə həllərinin hazırlanması
vacibdir.

Kənd təsərrüfatı sahəsində isə Türkiyədə fəaliyyət göstərən
TARSİM (Türkiyə Respublikasının Kənd Təsərrüfatı Sığorta Birliyi)
modeli ilə Azərbaycanın Aqrar Sığorta Fondu arasında sıx əməkdaşlıq
mövcuddur. Hər iki tərəf ortaq sığorta hovuzu qurmaq, Türkiyənin bu
sahədəki təcrübəsini və “know-how”ını Azərbaycanla paylaşmaq
istiqamətində fəal işləyir”.

Gələcəyə baxış: Türk sığorta məkanının
inteqrasiyası

“Kənd təsərrüfatı yalnız iqtisadi deyil, həm də sosial sabitlik
və ərzaq təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Buna
görə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi prioritet hesab
olunur.
Ümumilikdə, türk sığorta məkanının gücləndirilməsi, qarşılıqlı
etimadın artırılması və regional bazarın inteqrasiyası gələcək üçün
əsas hədəflər sırasındadır”, – deyə Ö. Obalı yekunlaşdırıb.