Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və
Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən “Xəzər
Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsində birgə təşkil olunan
sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə fəaliyyət
göstərən xarici diplomatlardan bir qrupuna “Azərbaycanda məcburi
köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və
həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə oxuyub.

Trend xəbər
verir ki, komitə sədrinin müavini Ermənistanın vaxtilə Azərbaycana
qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti
nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün
həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq
binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə
məskunlaşması barədə məlumat verib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və
məqsədyönlü dövlət siyasəti müəyyənləşdirilib. Bu kateqoriyadan
olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış
şəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür.
Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi
köçkünlərlə bağlı məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır,
onların rifahının yüksəldilməsinə təsirli dəstək göstərir.

Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin
bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma
yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının
təmin edilməsi hazırda dövlət siyasətinin əsas
prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər
yalnız daxili sabitliyə deyil, bütün regionda təhlükəsizliyə və
əmin-amanlığa mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkənin
sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
sənədində yer alıb.

Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla
yanaşı, köç prosesinin səmərəli təşkili və köçkünlərin
maarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin
aparılması, xüsusi qaynar xətt xidmətinin yaradılması və
reinteqrasiya tərbirləri Böyük Qayıdışa dair I Dövlət Proqramının
prioritetləri sırasındadır.




Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığı
Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu
da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu
məsələnin beynəlxalq müstəvidə həllinə çalışır.

Vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi
köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə
dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında
nümunəvi bir model formalaşdırmaqdadır.

Eyni zamanda hazırda Azərbaycan və Ermənistan arasında sülh və
barışığın əldə edilməsi üçün ciddi addımlar atıldığı, bu ilin
avqustunda ABŞ-də Prezident Trampın təşəbbüsü ilə hər iki dövlətin
liderlərinin Sülh memorandumu imzaladığı, bölgənin yeni
münasibətlər mərhələsinə qədəm qoyduğu vurğulanıb.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi tərəfindən Böyük Qayıdışı tərənnüm edən film və
videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçıların
qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı
suallarını ətraflı şəkildə cavablandırıb.