
Bakı. Trend:
Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Mübariz
Ağahüseyn oğlu Şahmurov oktyabrın 28-də Bakının Nizami rayonunun
Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Trend xəbər
verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili
İşlər nazirliklərinin əməkdaşları, Nərimanov, Nizami, Suraxanı
Rayon İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları,
şəhid ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət
Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna
dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri
düzülüb. Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin
yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi M. Şahmurov
1963-cü il iyunun 12-də Sabirabad rayonunun Navdan kəndində anadan
olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonu istiqamətində
gedən döyüşlərdə itkin düşüb. M.Şahmurov Birinci Qarabağ
müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri
müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

