
Bakı. Trend:
2025-ci ilin ötən dövrü ərzində işsiz və işaxtaran şəxslərin
işlə təmin edilməsi və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə,
ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik
göstərilməsi məqsədilə 187 əmək yarmarkası təşkil edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Məşğulluq
Agentliyindən məlumat verilib.
Bildirilib ki, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil
olunmuş tədbirlərdə ümumilikdə 1777 müəssisə iştirak edib və işsiz
və işaxtaran şəxslərə 15 min 657 vakansiya təqdim edilib.
Qeyd edək ki, əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin
işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə
düzəlmələrinə köməklik məqsədilə keçirilən aktiv məşğulluq
tədbiridir.
Yarmarkalar işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi
vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə
etmələri, aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları,
işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə
malik olan kadrları seçmələrinə köməklik göstərilməsi məqsədilə
təşkil edilir.
Yarmarkada iştirak etməklə vətəndaşlar karyera imkanları, əmək
bazarı, peşələr haqqında məlumatlar əldə edə, Dövlət Məşğulluq
Agentliyinin fəaliyyəti ilə tanış ola, aktiv məşğulluq tədbirlərinə
müraciət edə bilirlər.
Yarmarkanın təşkil edilməsi üçün Agentliyin Regional Məşğulluq
filialları tərəfindən mövcud olan vakansiyalar əsasında
işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir. Əvvəlcədən
yarmarkalarda iştirak etmək üçün müraciət etmiş işaxtaran və işsiz
şəxslərə yarmarkanın yeri, tarixi və vaxtı, yarmarkaya təqdim
olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar barədə məlumat
verilir. Eyni zamanda, qeyd olunan məlumatlar Agentliyin rəsmi
internet səhifələrində dərc edilir və Nazirliyin “Əmək və
məşğulluq” altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olan
şəxslərin elektron kabinetində yerləşdirilir.
Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə
bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:
- karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar
verilir; - peşə seçiminə istiqamətləndirilir;
- peşə hazırlığına cəlb edilir;
- haqqı ödənilən ictimai işlərə cəlb edilir;
- iş yerlərinə göndəriş verilir.
Yarmarkada iştirak edən işəgötürənlər isə:
- ölkənin hər bir nöqtəsində işaxtaran və işsiz şəxslərlə bir
araya gəlmək, - əmək bazarının tələblərinə cavab verən işaxtaran və işsiz
şəxslərin CV formalarını əldə etmək, - gələcək vakansiyalar üçün real və interaktiv data banka sahib
olmaq, - məşğulluq tədbirləri və proqramları ilə bağlı məlumat əldə
etmək imkanı qazanırlar.

