
Bakı. Trend:
Artıq 5 ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq.
Azərbaycanın artan beynəlxalq nüfuzu, qlobal geosiyasi gücü,
beynəlxalq proseslərə təsir imkanları Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi
nəticəsidir. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox
böyük rəğbətə layiq olan ölkə kimi nüfuz qazanıb. Dövlət başçısı
İlham Əliyev istər 7 fevral 2024-cü il tarixində keçirilən
prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə
mərasimində, istərsə də yeddinci çağırış Milli Məclisin ilk
iclasında etdiyi çıxışında qarşıya qoyulan yeni hədəfləri açıqlayan
zaman xarici siyasətin uğurlarından geniş bəhs edərək bildirdi ki,
yeni dövrdə bu istiqamətdə yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki
dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan
münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki,
gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri
üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin
həllində daha fəal olacağıq.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas söz sahibi kimi
mürəkkəb geosiyasi şəraitdə müstəqil və balanslaşdırılmış xarici
siyasət həyata keçirir. Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri
ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər
qurması bu siyasətin mühüm nəticələrindən biridir. Bu gün ölkəmizin
möhkəmlənən mövqeyi göz qabağındadır. Tarixi Zəfərimiz, ərazi
bütövlüyümüzün bərpası, tam Qələbəmiz Azərbaycanın bütün sahələrdə
davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq
hüquqa söykənən siyasətinə beynəlxalq dəstək hazırkı dövrün
reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycanın qlobal
problemlərin həllində söz sahibliyi, mövqeyinə verilən önəm
diqqətdən kənarda qalmır. Buna bariz nümunə kimi təkcə ötən il
ölkəmizin ev sahibliyi etdiyi, dünyanı Azərbaycana toplayan COP29
iqlim konfransını qeyd etmək kifayətdir. Bu mühüm qərar
Azərbaycanın beynəlxalq nüfuzunun, hər bir sahədə zəngin təcrübəyə
malik olmasının, sözünün imzası qədər əhəmiyyətinin təqdimatı oldu.
Dövlət başçısı İlham Əliyev bu konfransı iqlim diplomatiyasında
dönüş nöqtəsi kimi dəyərləndirdi. Bir daha qeyd olundu ki, bu,
çoxtərəfliliyin təntənəsidir. Prezident İlham Əliyev bu məqamı da
xüsusi qeyd etdi ki, COP29 böyük bir çağırış və böyük imkan idi.
Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi.
Təbii ki, Azərbaycan bu istəyinə nail oldu. Sözügedən çağırışı
əsl həqiqətdə böyük uğura çevirdi. Yeni körpülər quruldu. Bakı
nailiyyəti kimi tarixə yazılan COP29 növbəti COP-lar üçün böyük
stimul olacaq. Bu tədbir, eyni zamanda, Azərbaycan üçün böyük bir
təqdimat idi. Çünki regionda hələ buna bənzər, bu qədər qonağın
iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Qürurvericidir ki,
Azərbaycan müxtəlif hədəflərə nail olub, dünyaya təqdim etdiyi
inkişaf modelini dövrün cağırışlarına uyğun olaraq daha da
təkmilləşdirir, yeniləşdirir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın iqtisadi
gücünün artması, ordu quruculuğunun daim prioritetdə saxlanılması
və dövlət idarəçiliyində şəffaflıq prinsiplərinin tətbiqi Prezident
İlham Əliyevin siyasi kursunun əsas dayaqlarıdır. Hazırda ölkəmizin
reallaşdırdığı enerji layihələri və regional inteqrasiyaya xidmət
edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin və qarşılıqlı
etimadın təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı,
Azərbaycan beynəlxalq miqyasda da sülhyaratma proseslərinin fəal
iştirakçısı kimi çıxış edir, səmərəli təşəbbüsləri və real
fəaliyyətləri ilə qlobal sülhün, təhlükəsizliyin möhkəmlənməsinə
dəyərli töhfələr verir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa
söykənən siyasətinə beynəlxalq dəstəyin əsas göstəricisi bu ilin
avqust ayında əldə olunan Vaşinqton razılaşmaları oldu.
Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin
iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri
sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan
Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar.
ABŞ Prezidenti Donald Tramp buna şahid qismində imza atdı. Bundan
əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti
olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar
strukturların bağlanması üçün birgə müraciət ünvanladılar.
Sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə
qərar qəbul etdi. Vaşinqton razılaşmaları sırasında Zəngəzur
dəhlizinin açılması məsələsini xüsusi qeyd etməliyik. Prezident
İlham Əliyev bu günlərdə Qazaxıstana dövlət səfəri çərçivəsində
Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açılacağını bildirdi.
Vaşinqton razılaşmaları sırasında ədalətsiz 907-ci düzəlişin ləğvi
də mühüm hadisə oldu. Bütün bunlar ümumilkdə Azərbaycanın
beynəlxalq nüfuzunun, ən əsası sülh, təhlükəsizlik çağırışlarını
real addımları ilə təsdiqləməsinin, ədalətə, beynəlxalq hüququn
norma və prinsiplərinə böyük önəm verməsinin nümayişidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindən
biri təbii ki, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının
uğurlu icrasıdır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına
qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün
genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük
Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və
kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra
olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır,
soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər
görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında
çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti
vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə,
təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla,
ümumilikdə, 60 minə yaxın insan yaşayır.
Son beş ildə işğaldan azad edilmiş ərazilərdə 3 yeni beynəlxalq
hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu
infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə
müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun
tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası
prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji
təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl
enerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə
texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək
enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı
şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir,
ekosistem bərpa olunur.
Son beş ildə üç Azərbaycan Milli Şəhərsalma forumlarının
keçirilməsi də mühüm məqamların təqdimatında əhəmiyyətli rol
oynayır. Hər bir Forum görülən işlərin təqdimatıdır. Oktyabrın
15-də Xankəndi şəhəri Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumuna
ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev Forum
iştirakçılarına müraciətində bu rəqəmləri də açıqladı ki, regionun
ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini
əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma
şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra
olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş
planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə
və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.
Millət vəkili bildirib ki, tarixi Zəfərimizin Azərbaycanın
qarşısında açdığı imkanları, qazandırdığı uğurları bir yazı
çərçivəsində əhatə etmək çətindir. Bu gün qalib, bütövləşən, yeni
dövrə qədəm qoyan Azərbaycana hansı sahədən baxsaq böyük uğurların
şahidi olarıq. Dayanıqlı iqtisadi tərəqqinin güclü sosial siyasətlə
tamamlanması, ordu quruculuğu sahəsində mühüm addımların atılması,
iqtisadi müstəqilliyin möhkəmlənməsi fonunda Azərbaycanın
beynəlxalq rolunun artması diqqətdən kənarda qala bilməz. Ötən ilin
dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunmasını da
qeyd etməliyik. Bu, Azərbaycanın növbəti uğuru kimi tarixə yazıldı.
Bu gün Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründən də
daha güclü, qüdrətlidir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində
rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri
nəticəsində suverenliyimizin tam bərpa olunması bunun bariz
nümunəsidir.
Bir sözlə, uğurlarımızı sadalamaqla bitməz. Dövlət başçısı İlham
Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və
Suverenlik İli” elan edilməsi Azərbaycanın 5 illik Zəfər yolunun,
eyni zamanda, milli Konstitusiyamızın qəbulundan ötən 30 ilin
reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir uğur,
Zəfər növbəti hədəflərin, çağırışların başlanğıcıdır. Dövlət
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,
yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq.

