Qlobal tədqiqat metodlarına inteqrasiya davam edir: AzMİU-da avstriyalı professorla beşgünlük elmi sessiya başladı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 50 illik
yubiley tədbirləri çərçivəsində “Funksional analiz və tətbiqlərinin
müasir problemləri” mövzusunda beşgünlük elmi vorkşop öz işinə
başlayıb.

Vorkşop çərçivəsində Avstriyanın Qrats Texnologiya
Universitetinin Riyaziyyat, Fizika və Geodeziya fakültəsinin
dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi
Behrndt AzMİU-nun qonağıdır.

Vorkşopun açılışında professor Jussi Behrndt “Sinqulyar
potensiallı diferensial operatorlar” mövzusunda elmi məruzə ilə
çıxış edib. Məruzədə funksional analizdə sinqulyar potensialların
rolu, onların spektral nəzəriyyədə tətbiqləri, müasir elmi
yanaşmalar və praktiki əhəmiyyətindən bəhs olunub. Vorkşop
interaktiv müzakirə şəraitində keçib, iştirakçılar professorun
beynəlxalq tədqiqat istiqamətləri və bu sahədə son elmi
yeniliklərlə tanış olublar.

Beş gün davam edəcək vorkşop çərçivəsində professor Behrndt
“Zəif əlaqəlilik fenomeni və dayanıqsızlıq”, həmçinin “Robin
Laplasianlarının yeni sinfi” mövzularında məruzələr təqdim edəcək,
AzMİU alimləri ilə birgə elmi müzakirələr aparacaq.




Qeyd edək ki, əsasən mühəndislik ixtisasları ilə seçilən
AzMİU-da elmi tədqiqat potensialının artırılmasında tətbiqi
elmlərin, xüsusilə də riyaziyyatın və funksional analiz
istiqamətinin rolu böyükdür. Bu istiqamətdə keçirilən vorkşoplar
universitetdə elmin tədrisə inteqrasiyası və gənc tədqiqatçıların
inkişafı üçün mühüm elmi platforma yaradır.

AzMİU-da bu kimi tədbirlər universitetin tədqiqat yönümlü ali
təhsil müəssisəsinə çevrilməsi istiqamətində atılan uğurlu
addımların bariz nümunəsidir. Universitet rəhbərliyinin
strategiyasına uyğun olaraq, elm və beynəlxalq əməkdaşlığın sintezi
yeni nəsil tədqiqat mühitinin formalaşmasına xidmət edir.

Bu prosesdə AzMİU-nun beynəlmiləlləşdirilməsi ilə paralel olaraq
elmin də qlobal elm arenasına inteqrasiyası istiqamətində əsas
prioritetlərdəndir. Aparıcı dünya universitetlərinin elmi
potensialı AzMİU-ya inteqrasiya olunur, eyni zamanda AzMİU-nun elmi
nəticələri və alimləri qlobal elmi arenaya çıxış əldə edirlər.