
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
28-də Sabirabad Sənaye Məhəlləsində “Azera Toxumçuluq” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin
fəaliyyəti ilə tanış olub.
Trend xəbər
verir ki, “Azera Toxumçuluq” MMC 2021-ci ildə Sabirabad Sənaye
Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Burada Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə
standart və hibrid toxum istehsalı müəssisəsi qurulub. Hazırda
burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal
olunur. Müəssisə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350
ton hibrid günəbaxan, 2 min ton arpa, 2 min ton buğda toxumu
istehsalı gücünə malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda
yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer
təsərrüfatlarından əldə olunan toxumlar xammal kimi istifadə
edilir.
Qeyd edək ki, layihə dəyəri 2,5 milyon manat olan müəssisədə
daimi iş yerlərinin sayı 20-yə çatdırılacaq. İşçilərin Sabirabad və
ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

