
Bakı. Trend:
Azərbaycan 2027-ci ildə ilk dəfə olaraq dünyaca məşhur
“Automechanika” brendinə məxsus beynəlxalq sərgiyə ev sahibliyi
edəcək.
Trend xəbər
verir ki, Azərbaycanda avtomobil sənayesinin sürətlə inkişaf etdiyi
bir dövrdə “Automechanika” sərgisinin ölkənin avtomobil sektoruna
mühüm töhfələr verəcəyi gözlənilir.
“Automechanika Baku” sərgisi 3–5 mart 2027-ci il tarixlərində
Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi beynəlxalq sərgi
təşkilatçısı “Tajsir Expo” şirkəti tərəfindən Almaniyanın “Messe
Frankfurt Exhibition GmbH” şirkəti ilə əməkdaşlıq çərçivəsində və
Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə təşkil
ediləcək. Sərgiyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası
(ASTA) dəstək göstərir.
“Automechanika Baku”nun təşkil edilməsi Azərbaycanın sürətlə
inkişaf edən avtomobil sənayesi üçün mühüm mərhələ hesab olunur.
Hazırda ölkədə təxminən 1,74 milyon avtomobil qeydiyyatdan keçib və
bu rəqəm ildən-ilə artır. Avtomobil bazarının inkişafı dövlətin
nəqliyyat və logistika infrastrukturuna qoyduğu investisiyalarla
dəstəklənir. Bunlara yol şəbəkələrinin, avtomobil parklarının və
nəqliyyat dəhlizlərinin genişləndirilməsi daxildir.
2025-ci ilin yanvar–avqust aylarında Azərbaycana avtomobil
idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,4% artıb ki, bu da
artan tələbatı və inkişaf edən avtomobil ekosistemini nümayiş
etdirir.
Bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə, Azərbaycan
Qafqaz regionunda avtomobil sənayesinin strateji mərkəzi kimi
mövqeyini daha da gücləndirəcək. Sərgi beynəlxalq istehsalçılar,
distribütorlar və yerli mütəxəssislər tərəfindən avtomobil
hissələri, komponentlər, aksesuarlar, elektronika, diaqnostika,
təmir, təkərlər, akkumulyatorlar və avtomobil qulluq vasitələri
sahəsində innovativ həlləri təqdim etmək üçün dinamik platforma
rolunu oynayacaq.
“Messe Frankfurt Exhibition GmbH” tərəfindən yaradılmış
“Automechanika” brendi bu gün avtomobil satışdan sonrakı xidmətlər
(aftermarket) sahəsində dünyanın aparıcı sərgi şəbəkəsi kimi
tanınır. Bu brend Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb
Əmirlikləri, Vyetnam, Malayziya, Səudiyyə Ərəbistanı, Meksika,
İndoneziya, Çin və digər ölkələrdə uğurla təşkil edilir. Bu
beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın regional biznes
və innovasiya mərkəzi kimi artan rolunu əks etdirən mühüm
hadisədir.
Sərgi ilə bağlı yenilənən məlumatlar https://automechanika.az/ saytında təqdim
ediləcək.

