“Lukoyl” xarici aktivlərini satmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Lukoyl” şirkəti Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən tətbiq
edilən sanksiyalar fonunda xaricdəki aktivlərini satmağı
planlaşdırdığını açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə şirkətin rəsmi bəyanatında məlumat verilib.

Bəyanatda qeyd olunur: “Bir sıra ölkələr tərəfindən ‘PAO
Lukoyl’a və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı
tədbirlər tətbiq edildiyi üçün şirkət beynəlxalq aktivlərinin
satışına hazırlaşır. Potensial alıcıların müraciətləri artıq qəbul
olunmağa başlanıb.”




Aktivlərin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə
Nəzarət İdarəsi tərəfindən verilmiş fəaliyyətin dayandırılmasına
dair lisenziyaya uyğun şəkildə həyata keçiriləcək. Şirkət, zərurət
yarandığı təqdirdə, beynəlxalq aktivlərinin fasiləsiz fəaliyyətini
təmin etmək üçün bu lisenziyanın müddətinin uzadılması barədə
müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi “Rosneft” və
“Lukoyl” şirkətlərini, eləcə də onlara məxsus 34 törəmə qurumu yeni
sanksiya paketinə daxil edib. Oktyabrın ortalarında Böyük Britaniya
da “Lukoyl”u sanksiya siyahısına salıb.