“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək-2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı
Fondunun əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi
çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə
dəstək-2025” təqaüd proqramının təqdimat mərasimi keçirilib.

Trend xəbər
verir ki, tədbir “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr
olunmuş video-çarxın nümayişi ilə başlayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri
səlahiyyətlərini icra edən İlqar Bayramlı “Hənifə Məlikova-Zərdabi”
adına təqaüd proqramına cari tədris ilində 93 tələbə qızın
faydalandığını qeyd edib.

O bildirib ki, ümumilikdə layihənin icrası dövründə 300-ə yaxın
tələbə bu proqramda iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramının
ölkənin parlaq gələcəyi naminə atılmış mühüm addımlardan biri
olduğunu deyib.




O bildirib ki, bu təqaüdü qazanan gənclər Azərbaycanın 57
rayonunu və 16 şəhərini təmsil edirlər. Bahar Muradova bu il ilk
dəfə Naxçıvandan 14 nəfərin layihəyə qoşulduğunu qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev qadının cəmiyyətdəki
mövqeyi, ictimai və sosial gücünün istənilən təhsil sisteminin
keyfiyyətini və funksionallığını müəyyən edən əsas amillərdən biri
olduğunu deyib.

O bildirib ki, bu kimi layihələr qadınların təhsil imkanlarını
genişləndirməklə yanaşı, ölkənin sosial və iqtisadi inkişafına da
mühüm töhfə verir.

Sonda təqaüd proqramına seçilən qızlara sertifikatlar təqdim
olunub.

Qeyd edək ki, layihə çərçivəsində həssas təbəqədən olan,
həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan
qızların təhsilinə dəstək göstərilməsi məqsədilə onlara aylıq
təqaüdlər ödəniləcək.