
Bakı. Trend:
Füzuli rayonunun Qarğabazar kəndində yerləşən Karvansarayın (214
inventar nömrəli) bərpa və ərazinin abadlaşdırılması işləri
aparılacaq.
Trend-in
məlumatına görə, Mədəniyyət Nazirliyinin tabeliyində
təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli
Cəmiyyəti (MMC) artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Qurum hazırda sözügedən işlərin layihə-smeta sənədlərini
hazırlayacaq şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda MMC görüləcək işlərin 314 706 manata başa
gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, karvansara 1681-ci ildə Füzuli şəhərindən 8
kilometr cənubda yerləşən Qarğabazar kəndinin mərkəzində, çox da
hündür olmayan bir təpənin yamacında inşa olunub. Karvansara
tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar
kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır.
Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun
memarı məlum deyil.


