İran səfiri Azərbaycan-Gürcüstan sərhəd-gömrük məntəqəsi ilə yaxından tanış olub

Baş səhifə

Bakı. Trend:

İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu Azərbaycanla
Gürcüstan arasındakı Qırmızı Körpü sərhəd-gömrük məntəqəsinə səfər
edərək, İran tranzit yük nəqliyyat vasitələrinin bu istiqamət üzrə
hərəkəti ilə bağlı mövcud vəziyyətlə tanış olub.

Bu barədə Trend-ə İran Səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Gömrük Xidmətinin
məsul nümayəndələri səfirə gömrük prosedurları, nəqliyyat
vasitələrinin və yüklərin yoxlanılması mexanizmləri, eləcə də keçid
proseslərinin səmərəliliyinin artırılmasına yönəlmiş plan və
tədbirlər barədə ətraflı məlumat təqdim ediblər.




İran səfiri həmçinin gömrük ərazisində olan bir qrup iranlı
sürücü ilə söhbət apararaq, onların Azərbaycan ərazisindən tranzit
keçid zamanı qarşılaşdıqları məsələlər və inzibati prosedurlar
barədə fikirlərini öyrənib.

Qeyd edək ki, İran üçün Azərbaycan və Gürcüstan arasında
sərhəd-gömrük məntəqəsi Fars körfəzi, Qara dəniz və Avropa arasında
yük tranziti məqsədilə önəmli istiqamət hesab olunur. Bu istiqamət
İranı Avropaya çıxışını asanlaşdırır və iqtisadi və ticarət
imkanlarını artırır.

Bu istiqamət Fars körfəzi ətrafındakı ölkələri və Hindistanı
İran, Azərbaycan və Gürcüstan vasitəsi ilə Avropaya
birləşdirir.