Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən
müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu
nəqliyyat vasitələri cəlb olunub.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 380
marşrut reysi üzrə müsabiqələr keçirilib. Bu dövr ərzində
“Neoplan”, “Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC
Sunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”
markalı 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bu
isə Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına
şəhərlərası daşıma üzrə avtobus parkının 35%-ni təşkil edir.




Avtobuslardan 24-ü 2023, 38-i 2024, 53-ü isə 2025-ci ildə
istismara buraxılıb.

Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara
işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.

Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96%-i
“biletim.az” portalına qoşulub. Vətəndaşlara daha rahat və
təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn
qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə
olunur.