Qazax rayonunda minadan və PHS-dən zərərçəkənlərlə ilkin sorğular tamamlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan
Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS
hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi
çərçivəsində Qazax rayonunda minadan zərərçəkənlərin siyahısı
dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.

Bu barədə Trend-ə layihənin işçi heyətinin üzvü, minadan
zərərçəkən Ruhin Vəliyev məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ
müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış
Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o
cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial
ehtiyaclarının öyrənilməsi təşkil edir:




“Layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz,
Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə
şəhərində) nəzərdə tutulmuş işləri icra edirik. Adıçəkilən rayon və
şəhərlərdə beynəlxalq forma olan İMSMA agentləri ilə sorğular
keçirilir. Toplanmış məlumatlar mina/PHS-lərin insanların həyat və
sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin
azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin
yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün
istifadə etməyi nəzərdə tuturuq. Artıq Qazax rayonunda sorğuların
keçirilməsini əsasən başa çatdırmışıq. Müəyyən edilmiş mina
qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük,
onlardan sorğular götürürük. Vəfat edənlərin isə ailə üzvləri ilə
görüşməyə çalışırıq. Əvvəlcə Qazax rayonunda 89 minadan və ya
partlamamış hərbi sursatdan zərərçəkən müəyyənləşdirmişdik, amma
araşdırmalarımız zaman bu say 113 nəfər çatdı. Onlardan 6 nəfəri 44
günlük müharibədən sonra minaya düşənlərdi. Bu insanların böyük
əksrəyiyyətini tapıb şəxsən görüşmüşük, sorğularını götürmüşük.
Axtarışlarımız və sorğu davam edir.”

ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən
2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3
400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır.
2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina
qurbanlarının sayı 410 nəfər təşkil edir. Onlardan 71-i həlak olub,
339-i yaralanıb.

Xatırladaq ki, təşkilatımız ötən il Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi,
Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda)
uğurla həyata keçirib.