
Bakı. Trend:
Məktəbəqədər təhsil uşağın həyatında mühüm mərhələdir. Bu dövr
yalnız məktəbə hazırlıq deyil, eyni zamanda uşağın sosial,
emosional, fiziki və intellektual inkişafının təməlini
formalaşdırır. İlk illərdə alınan təlim və tərbiyə uşağın gələcək
uğurları, öyrənmə bacarığı və şəxsiyyətinin formalaşmasında
əhəmiyyətli rol oynayır.
Maraqlıdır, məktəbəqədər təhsilin uşağın inkişafına
daha hansı təsirləri var?
Mövzu ilə bağlı Trend-ə danışan təhsil ekspert Elmin
Nuri bildirib ki, ümumilikdə götürsək, təhsilin əsas
missiyası fərddən şəxsiyyət formalaşdıran bir mexanizm
olmasıdır.
Onun sözlərinə görə, bu gün dünya təhsilin özünün bütün məzmun
xətləri, nəzəriyyə və metodologiyaları ilə sırf bu funksiyanı
həyata keçirmək, azyaşlını şəxsiyyətə yönəlik dəyərlər əsasında
cəmiyyət üçün hazırlayır:
“Məktəbəqədər təhsil isə bu prosesin ən vacib tərkib hissəsidir.
Çünki insanın şüuraltı və xarakterik olaraq formalaşma mərhələsinin
təxminən 70%-lik hissəsi onun 7 yaşına qədərki mərhələdir. Bu
səbəbdən də məktəbəqədər təhsil səviyyəsinin üzərindəki öhdəlik,
məsuliyyət və missiya düzgün dəyərləndirilməli və həyata
keçirilməlidir. Dünya təcrübəsində ayrı-ayrı ölkələr tərəfindən
təhsilin bu səviyyəsi adınıçəkdiyimiz meyarlara görə həddindən
artıq ciddi qəbul olunur və hər zaman üzərində çox vacib mexanizm
kimi yenidən işlənilir. Yaponiya, Almaniya, Böyük Britaniya, ABŞ,
Sinqapur, Finlandiya və s. kimi ölkələrdə məktəbəqədər təhsillə
bağlı çox vacib proqramlar tətbiq olunur ki, onlar uşağa bütün
həyati boyu müxtəlif aspektlərdən yardımçı olur”.
“Məsələn, Böyük Britaniya bağçalarında azyaşlılara rol oyunları
zamanı, yaxud, hər hansı tapşırığı yerinə yetirərkən mütləq və
mütləq hər hansı səhvi etməyi, hansısa yanlışlığa yol verməyi
tapşırırlar. Təsəvvür edin, tapşırığın düzgün həlli yox, yanlışlığı
tələb olunur. Bu isə ondan ötrüdür ki, uşaq artıq indidən hansısa
problemin həlli zamanı səhv etməyi və o səhvdən nəticə çıxararaq
problemi perspektivə çevirməyi öyrənsin. Yəni, onu bir növ
psixoloji cəhətdən gələcək situasiyalara hazırlayırlar. Baxın,
məktəbəqədər təhsilin bu və bunun kimi yüzlərlə müsbət tərəfləri
var və hər birisinin də həyati tətbiq elementləri çox böyükdür.
Məhz, bu formulları həyata keçirən məktəbəqədər təhsil bizim üçün
çox vacibdir. Təəssüflər deməliyik ki, yerli məktəbəqədər təhsil
müəssisələri bu cür yanaşmalardan, uşağı gələcək üçün formalaşdırma
formullarına çox da yaxın gəlmir. Nə bağçalarımızla bağlı tədris
proqramı buna hazırdır, nə də bu proqrama cavab verə biləcək
tərbiyəçi-müəllimlər, metodistlərimiz var. Biz hələ indi-indi
məktəbəqədər təhsil müəssisələrində diplomsuz kadrları aşkarlayıb
işdən uzaqlaşdırırıq. Onları uşaqlar üçün həyati əhəmiyyətli təhsil
subyektinə çevirmək üçün isə bizə illər yox, on illər lazım
gələcək”, – deyə ekspert əlavə edib.
O həmçinin vurğulayıb ki, hazırki müsbət tərəflərinə gəlincə
isə, təəssüf ki, bu barədə çox da pozitiv danışa bilməyəcəyəm:
“Hər halda bu, subyektiv yanaşmamdır və ona əsaslanıb deyə
bilərəm ki, bizdə məktəbəqədər təhsilin yalnız bir müsbət tərəfi
var: uşaqlara müəyyən zaman çərçivəsində nəzarət etməklə onların
valideynlərinin işləmək imkanlarını artırmaq. Vəssəlam!”.
Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA)
sədri, təhsil eksperti Əmrah Həsənli isə Trend-ə bildirib ki, məktəbəqədər təhsil uşağın
gələcək həyatına qoyulan ilk ciddi investisiyadır:
“Biz çox zaman bu mərhələni sadəcə oyun, əyləncə və vaxt keçirmə
kimi görürük, amma əslində məhz bu dövr uşağın sosial, emosional və
intellektual inkişafının təməlidir. Uşaq məktəbəqədər dövrdə ətraf
mühiti dərk etməyi, özünü ifadə etməyi, başqaları ilə münasibət
qurmağı, paylaşmağı və qaydalara əməl etməyi öyrənir. Bu, onun
gələcəkdə həm məktəb mühitinə, həm də cəmiyyətə uyğunlaşmasını
asanlaşdırır
Digər tərəfdən, məktəbəqədər təhsil uşağın idrak bacarıqlarını –
düşünmə, müqayisəetmə, səbəb-nəticə əlaqəsini qurma və problem həll
etmə vərdişlərini formalaşdırır. Bu mərhələdə öyrənmə prosesi
oyunlar üzərindən aparıldığı üçün uşaq bilik əldə etməyi zövq kimi
qəbul edir və bu hiss onun təhsilə marağının uzunmüddətli qalmasını
təmin edir. Yəni burada söhbət sadəcə hərfləri və rəqəmləri
öyrənməkdən getmir, əsas məsələ uşağın öyrənmə motivasiyasını
oyatmaqdır”.
Onun sözlərinə görə, ən mühüm üstünlüklərdən biri də
sosiallaşmadır.
“Evdə tək böyüyən uşaq üçün məktəbəqədər müəssisə həmyaşıdlarla
ünsiyyət, əməkdaşlıq, qarşılıqlı hörmət və tolerantlıq kimi
dəyərləri formalaşdırır. Bu, sonradan məktəb həyatında adaptasiyanı
xeyli asanlaşdırır. Psixoloji baxımdan da uşaq özünəinam,
müstəqillik və emosional sabitlik qazanır
Əslində məktəbəqədər təhsilin cəmiyyət üçün də böyük faydası
var. Çünki bu sistemdə uşaqlara yalnız bilik deyil, dəyərlər və
davranış normaları da aşılanır. Yaxşı qurulmuş məktəbəqədər təhsil
sistemi gələcəkdə sosial məsuliyyətli, yaradıcı və empati
qabiliyyəti yüksək nəsil yetişdirir. Ona görə də məktəbəqədər
mərhələni sadəcə təhsilin başlanğıcı kimi deyil, şəxsiyyətin
formalaşma laboratoriyası kimi görmək lazımdır”,- deyə Ə.Həsənli
əlavə edib.

